“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Rusiyada doğulan qərbi azərbaycanlının yurd harayı” adlı veriliş əslən Qərbi Azərbaycandan olan Aysel Şamilovanın həyat hekayəsinə həsr olunub.
O, 1987-ci il iyunun 5-də Rusiyanın Nalçik şəhərində doğulmağına baxmayaraq, Qərbi Azərbaycan kökənli olduğunu deyib: “Atam Zəngibasar mahalının Dəmirçi kəndində, anam Zəngibasar rayonundandır. Babam Ellər rayonunun Zar kəndində anadan olub. Babamgilin ailəsi iki dəfə deportasiyaya məruz qalıb. İnsanlar bir gecənin içində yüz illərlə yaşadıqları torpaqlarını, yurdlarını, evlərini, doğmalarının qəbirlərini, məzarlarını qoyub getmək məcubiyyətində qalıblar. 1948-ci ildə babamgilin ailəsi Saatlı rayonuna yerləşdirilir. İqlimə görə çox sayda yaşlı, körpə ölür. Bir müddətdən sonra Dəmirçi kəndinə qayıdır. Məcbur köçürülən camaat geri qayıdanda evsiz qalıblar. Çünki onların mülkləri ermənilərin adlarına keçirilib. İnsanlar öz yurdlarına yad kimi qayıdıblar. 1988-ci ildə növbəti faciə yaşanır. Camaat gecələr evlərin işıqlarını yandırmağa qorxublar. Çünki evləri daşlanıb, təhqir olunub, ayrı-seçkilik edilib”.

Onun sözlərinə görə, 1983-cü il aprelin 24-də Zəngibasar mahalında keçirilən toy mərasiminə erməni silahlıları basqın ediblər: “Toyu dağıtdıqdan sonra onlar Zəngibasarın qədim qəbristanlığını yerlə-yeksan edib, məzar daşını tamamilə dağıdıblar. Kənd camaatı bu dəhşətli mənzərəni görəndən sonra etirazlarını bildirmək üçün küçələrə axışır. Etirazlarını bildirmək üçün Türkiyə sərhədinə toplaşan qadınları təhqir edir, daşlayırlar. Bütün bu hadisələr baş verəcək deportasiyanın xəbərçiləri olub. Nəhayət, 1988-ci ildə babamgilin ailəsi Dəmirçi kəndindən, dədə-baba yurdundan məcbur köçüblər. Nənələrim danışırdılar ki, kənddən yalnız əynimizdəki paltarlarla çıxdıq. Camaat Bakıda və Sumqayıta pənah gətirib”.

A.Şamilova qəlbinin hər zaman Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qaldığını deyib: “O torpaqlar bizim əzəli ata-baba yurdumuzdur. Qədim oğuz, türk yurdudur. Valideynlər mənə xatirələrini elə danışıblar ki, sanki elə Zəngibasar mahalında doğulmuşam, elə orada yaşayıb, boya-başa çatmışam, gözümü hər səhər Dəmirçi kəndində açmışam, Zəngi çayının sahilində gəzmişəm. Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə ikinci nəsil Qərbi azərbaycanlı kimi, mənim də qəlbimdə ümid yaradıb. İnanıram ki, biz Qərbi Azərbaycana qayıdacağıq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 24-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.
















