Qoşqar Vəli yazır: “Yel – su, torpaq və odun hərəkətverici qüvvəsidir”
Bu gün Azərbaycanda qeyd edilən Novruz çərşənbələrinin üçüncüsü – Yel çərşənbəsidir.
Şifahi xalq yaradıcılığında yelin , yəni küləyin xoş və şirin təsüratlar gətirəcəyinə insanlar inanırlar. Bu çərşənbə ilə əlaqəli müxtəlif rəvayət, nəğmə, əfsanə, mif, inanc, məsəl və s. yaranmışdır.
Yel əsər, toz qoparar,
Ağacdan qoz qopara,
Yellə gələn bəlanı,
Yel özü də aparar!
Yel – su, torpaq və odun hərəkətverici qüvvəsidir və dirilişi tamamlayır. Bu çərşənbədə soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Yel çərşənbəsində adətən bəxtə ( fala ) baxılır və bunu daha çox qız – gəlinlər edirlər.
Yel çərşənbəsi də Göyçə mahalının Ardanış kəndində çox maraqlı keçərdi. Adəti üzrə tonqallar yandırılar, qulaq falına çıxardılar. Qulaq falı dedikdə qapıpusma nəzərdə tutulur. Axşamdan fikirlərində xoş niyyət tutaraq qapıpusmaya (qulaq falına ) gedənlər eşitdikləri ilk sözləri yazardılar.
Qapıpusmaya adətən analar, cavanlar və subaylar gedərdilər. Bəzən isə uşaqları göndərər nə eşitdiklərini soruşardılar. Yaxşı söz gətirənə hədiyyə verilərdi. Bu niyyətlərin çin çıxdığı günə nəmər boyun olunardı. Adətən açıq qəlbli, xoş niyyətli, xoş kəlməli ailələrin qapıları pusulardı.
Yel hərəkətdir. Hərəkətiniz bərəkətli olsun!
Yel çərşənbəniz mübarək!