Rusiya AŞ-a 54,7 milyon avro üzvlük haqqı ödəyəcək
Rusiya 2017 və 2018-ci illər üçün üzvlük haqqı ilə bağlı qalan borcunu Avropa Şurasının büdcəsinə ödəyəcək.
Rakus.az xəbər verir ki, 54,7 milyon avro dəyərində olan borc federal büdcədən ayrılacaq.
Bu addım Rusiya Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət və Nəqliyyat nazirlikləri ilə razılaşdırılıb. Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.
Bundan əvvəl Moskva 2019-cu il üçün Avropa Şurasının büdcəsinə 33 milyon avro ianə ödənişini edib.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin dayandırılması ilə əlaqədar olaraq bu ölkə 2017-ci ilin iyunundan etibarən Avropa Şurasının büdcəsinə ödəniş etməyi dayandırıb.
Xatırladaq ki, iyunda keçirilən Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Rusiyanın nümayəndə heyətinin qurum daxilində səlahiyyətləri tam bərpa olunub.