“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev ermənilərin Osmanlıya arxadan vurduğu zərbə, böyük dövlətlərin gizli erməni planlarından danışıb.
Onun sözlərinə görə, Osmanlıya qarşı üsyan, Rusiyaya ümid bəsləmək erməni siyasətinin təhlükəli oyunu idi: “Osmanlıda qurula bilməyən dövlət Cənubi Qafqazda yaradıldı. Böyük dövlətlərin ermənilərə vədləri ilə bölgədə kiçik xalqların faciəsi, unudulmayan humanitar fəlakət başladı, 10 mindən çox insan qətlə yetirildi, 50 min insan qaçqın düşdü. Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar dayandırıldı”.
Tarixçi bildirib ki, o dövrdə Ermənistan hökuməti “Andranik bizə tabe deyil” bəhanəsi ilə məsuliyyətdən yayınırdı.
İ.Niftəliyev Ermənistan paytaxtının niyə Gümrü yox, İrəvanın olması, Ermənistan dövlətinin 28 may mifləri və 30 may reallığı, eləcə də Andranikin Ermənistan hökumətini tanımaması ilə bağlı məsələlərə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 11-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.














