Saakaşvilinin deportasiyası ilə bağlı cinayət işi açıldı
Ukrayna Baş Hərbi Prokurorluğunda Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin 2018-cı ildə oğurlanması və deportasiya edilməsi ilə bağlı cinayət işi açılıb.
Rakus.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, prokurorluğa Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin 2018-ci ilin fevralında oğurlanması, ona qarşı zorakı hərəkətlərə yol verilməsi və Polşaya qanunsuz köçürülməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra istintaq orqanı araşdırmalara başlayıb.
Qeyd edək ki, Mixeil Saakaşvili 2018-ci il fevralın 12-də Kiyevdəki restoranlardan birində Ukrayna sərhədçiləri tərəfindən tutulub və daha sonra Polşaya göndərilib. Bundan sonra Ukrayna Daxili İşlər Nazirliyi M.Saakaşvilinin Ukrayna ərazisində qalmaq üçün qanuni əsaslarını itirdiyini bildirib. M.Saakaşvili ölkədən getməsini ozamankı Prezident Petro Poroşenko tərəfindən sifariş edildiyini iddia edir.
M.Saakaşvili bu il mayın 29-da Ukraynaya qayıdıb.