Sarqsyanın işi məhkəməyə göndərildi
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın fiqurant olduğu cinayət işi məhkəməyə göndərilib, prokuror ittiham aktını təsdiqləyib.
Rakus.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan məlumat verib.
Daha əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti S.Sarqsyanı dövlət büdcəsində 1 milyon dollardan çox vəsaitin mənimsənilməsinə şərait yaratmaqda ittiham etmişdi. S.Sarqsyan ittihamları rədd edərək bunun siyasi təqib olduğunu bildirib.
Yanvarın 20-də istintaq araşdırmanın tamamlandığını və iş materiallarının prokurorluğa təhvil verildiyini elan edib.
“Sarqsyanın işi üzrə ittiham aktı prokuror tərəfindən təsdiq edilib. İş məhkəməyə göndərilib”, – A.Xaçatryan deyib.
Cinayət işi çərçivəsində keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyana qarşı xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi və ya əsassız xərclənməsi ittihamı irəli sürülüb. Sarqsyan, kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryan bu işdə iştirak etməkdə ittiham olunurlar.
İstintaqın versiyasına görə, qanun pozuntularına kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağı satan hökumət proqramı çərçivəsində yol verilib. (report.az)