SƏYAHƏT: Dağlarda iki gün - FOTO
Yeri gücsüz Yergüc
Yerin-torpağın gücü də, bəzəyi də insanlardır. Nə qədər ki, özlərini təbiətin bir parçası kimi görürlər, daha doğrusu, görə bilirlər, onlar Allahın yaratdıqlarından bəhrələnir, bunları daha da rövnəqləndirir, yaşayır, yaradırlar. Hansısa səbəbdən yurdla-torpaqla bu ülfət pozulursa həmin yerlərdən köç eləməkdən başqa çarə qalmır yəqin ki. Allı-güllü, yaşıl, şirəli otların boy verdiyi uca təpələrin arxasındakı dərədə boş qalmış yurd yeri – Yergüc də indi belə acı taleyi yaşamaqdadır.
Yergüc kəndi vaxtilə, Quba rayonunda, Buduq İnzibati Ərazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdığı üçün hazırda bu məkanda heç kim yaşamır. Deyilənə görə, sonuncu sakinlər buraları 1986-cı ildə tərk ediblər. Adda-budda divar qalıqlarının, daş qalaqlarının qərib-qərib qaraldığı bu çaylı dərə qoyun sürüləri üçün məgəl və heyvanların suvarılması yeri rolunu oynamaqdadır…
Yergüc bir vaxtlar bu sulu dərədə yerləşib…
Digər Şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Bu dillə ilkin tanışlıq zamanı belə qənaətə gəlmək olur ki, Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların sözlərindən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər bir sıra söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir.
Köhnə Yergücün yurd yerlərinin qalıqları hələ də qalmaqdadıq…
Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduq xalqları öz ana dillərində bir-birləri ilə çox rahat ünsiyyət saxlaya bilirlər… Təəssüf ki, bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir. Gənclərin çoxunun isə bu dil haqqında heç təsəvvürləri belə yoxdur. Yeri gəlmişkən, deyək ki, hazırda bu, xınalıqlılar xaric bütün Şahdağ qrupu xalqlarının üzləşdikləri acınacaqlı vəziyyətdir.
Cəmi 30 il əvvəl burada hələ də yaşayış varmış. Bəlkə yenə oldu?!.
Yergüclülərin əksəriyyəti indi uzaqda – ta Xaçmazın beş addımlığında, üzü dağlara eyni adlı yurd salıb yaşayırlar. İnternetdə ara-sıra rast gəlinən şərh-yazılardan belə görünür ki, onlar hələ də keçmişlərindən tam qopmayıblar, patronomik bilgiləri yaşadır, nəsilləri, məhəllələri xatırlayır, boş qalan yurd yerini unutmamağa çalışırlar. Biz də buralara gəldik, uzaqdan da olsa bu tənha yurd yerini rəqəmsal kameralarımızın yaqddaşına həkk elədik və… eynilə yergüclülər kimi çıxıb getdik… Salamat qal, nisgilli yurd yeri!
Gedək üzü Buduğa
Budadların ana vətəni olan qədim Buduq kəndi dağların yüksəkliyində, bir tərəfi Qudyalçaya dayanan qayaların qonşuluğunda qərar tutub. Quba-Xınalıq yolundan çıxıb Buduğa tərəf yol aldığın andaca yenə əslində Qrızdakıtək yolsuzluq ekstriminə düşürsən. Dərə-təpəli, tez-tez də təhlükəli olan bu “yol” kiçik çaylardan, qayaların lap yaxınlığından, yarğanların qaşından keçir, yolçularda vahimə yarada-yarada onları inadla bir qədər yüksəkliklərdəki yaylaqlara doğru aparır.
Yaylaqları nə gözəldir bu yurdun!..
Bu yerdə ölkəmizdə az tanınan, lakin gözəlliyi, səfalı havası ilə Azərbaycanın ən əsrarəngiz guşələrindən olan Caf yaylağı – Buduq cafı barədə bir qədər ətraflı söz açmaq istərdik. Geniş, sanki əngin, bol otlu, güllü-çiçəkli otlarqları ilə Buduğu və digər ətraf kəndləri qışlıq otla bolluca təmin edən Caf yaylaq mövsümündə çobanların çox sevdikləri məkanlardandır. Elə buna görə də tez-tez yolun sağında və solunda çoban binələrini və otlayan qoyun sürülərini görmək olur. Yol ötən maşınlara cuman qəzəbli çoban itləri əvvəlcə qorxu yaratsa da sonradan onların sürətlə gedən maşınlara xətər yetirə bilməyəcəyindən doğan xatircəmlik yolçularda təbəssüm doğurur…
Bu su qoyun-quzu üçün həyat mənbəyidir
Yaylaq mövsümündə kəndlərdə əli dəryaz, yaba tutan demək olar ki, heç kim qalmır. Bəzən hətta bütöv ailələr səhər obaşdan qaranlıq qovuşana qədər əvvəlcə ot biçiminə, bir müddət sonra isə quru otun tədarükü, daşınması və tayaların qurulması ilə məşğul olurlar. Yaşıl, əngin dənizi andıran otlaqlardakı yer-yerdə boy verən lökütlər – müvəqqəti kiçik quru ot tayaları və ot yığan, daşıyan insanlar bu dövrdə Caf yaylağının tez-tez rast gəlinən mənzərələridir.
Güclü UAZ sağ-soldakı lökütlərin arası ilə şütüyür. Birdən kiçik tayalardan birinin başına qonmuş iri qartal görürük. Fotoqraf Elxan Qəniyev nəzərə çarpmadan ona yaxınlaşıb, şəklini çəkmək üçün maşını saxlamağı xahiş edir. Elə sinə-sinə tayaya təzəcə yaxınlaşmağa başlayırdı ki, təcrübəli qartal duyuq düşüb havalandı və ağır-ağır uzaqlaşdı…
Buduq uzaqdan belə görünür
Buduğa yaxınlaşdıqca yaşıllıqlar sürətlə azalır. İndi sağ-sol, irəli-geri – hər tərəf çılpaq qayalardır. Ara-sıra nahamarlıqların arasından uzaqdakı kənd görünüb-itir. Hərdən də uzaqdan Buduğun seyrək şəkillərindən tanış olan tək çinar gözə dəyir. Amma yox, tənha Buduğa gələnləri ilk qarşılayan yolun hər iki tərəfindəki qədim-qayım qəbiristanlıqlardır. Sanki doğma kəndə keşik çəkirmiş kimi dimdik duran lay çay daşları-başdaşıları yolçuda maraq doğurur, onu tariximizə-dünənə aparır. Burada ara-sıra nisbətən yeni qəbirlər də gözə dəyir. “Hər şeyin təzəsi, dostun və qəbiristanlığın köhnəsi” yəni…
Bu kənd də demək olar ki, adamsızdır. Bir neçə qadın kəndin içindəki kiçik təpədə olan tikilini – kiçik piri gil şirəsi ilə şirələyirlər. Ən çətin yerlərə dırmanmağa-girməyə maraqlı olan Elxan Qəniyev kiçik dəlikdən içəri girib sadə məzarı lentə alır.
Buduğun qədim qəbiristanlıqlarından biri
İkimərtəbəli keçmiş sovxoz idarəsinin qarşısından keçirirk. Bizi yalnız binanın damına vurulmuş üçrəngli bayraq salamlayır. “Bələdiyyə də, icra nümayəndəsi də burada qərarlaşıb, – bələdçimiz deyir. – İndi belə kimsəsiz olmasına baxmayın, sovxoz dönəmində bu yerdə səhər obaşdan həyat qaynayırdı…”
Kəndi gəzir, təkəm-seyrək rast gəldiyimiz sakinlərlə dərdləşir, fotoşəkillər, videogörüntülər çəkirik. Qədim Buduq indilik yay günəşinin isti şüaları altında yanıb-qovrulur. Lakin hər kəs bilir ki, bunlar yayın son istili-qızmar günləridir. Bir azdan, lap azdan sazaqlar, ilk qar düşəcək və digər dağ kəndləri kimi Buduq da yaza qədər təbiətlə cəng-cidala çıxıb yaşamaq uğrunda öz inadlı mübarizəsinə başlayacaq və Allahın izni ilə qışa qalib gələcək.
Buduqdakı ən hündür təpələrdən birində yerləşən qədim ev
Uzaqda Qudyalçayın nəhəng yatağı görünür. Suyu az olsa da dağların arasında şərid kimi qaralan çay yatağı ona əzəmət verir, insanda bir qorxuncluq hissi doğurur. AMEA-nın müxbir üzvü, memarlıq doktoru, tanınmış memarlıq tarixi araşdırıcısı olan professor Cəfər Qiyasinin buradakı yüksəkliklərdən birində “8” rəqəmi formasında “daxmanın” – atəşpərəstlik dövrünə aid dəfn yerinin olduğu barədə dediklərini xatırladıq. Qədim buduqlular ölülərinin cəsədini burada vəhşi quşlara yem edir, sonra isə sümüklərini torpağa tapşırırlarmış… Buduğa gələcək səfərimizdə haqqında akademikin məlumat verdiyi həmin abidəni tapmağa çalışacağıq.
Dağlara sığınan buduqlular qış tədarükü görürlər
Yüksək bir qayanın üstündə möhkəm duran tənha ev diqqətimizi cəlb edir. Ona doğru dırmanmağa başlayırıq. Yaxınlaşdıqca evi daha aydın görməyə başlayırıq. Evi iki tərəfdən dövrələyən eyvan, xüsusən də oymalı dirəklər öz qədimyana görünüşü ilə fərqlənir.
Bu evin sakini – 1964-cü il təvəllüdlü Şahzadə Heybət oğlu Əhmədov öz ifrat sadə və kasıb evində tək imiş – oğlanları ot biçinindədirlər. Obaşdan gediblər. Yəqin axşam da gəlib bir-iki tikə şörək yeyən kimi növbəti obaşdana qədər dərin yuxuya gedəcəklər ki, yeni gündə işləmək üçün qüvvələri olsun. Lap elə yüz illər əvvəlin kəndliləri kimi…
Bu nöqtədən Buduğun özünəməxsus koloriti aydın bilinir
Evin aşağı mərtəbəsində tövlə və kiçik anbar-saxlanc yerləşir. “Bəs mal-heyvanın hanı, alacaqsanmı?” – deyə soruşuruq. “Görək də, bəlkə aldım”, – deyə yayğın cavab verir.
Şahzadə Əhmədovun qədim eyvanından Buduğu seyr etmək ayrı aləmdir…
İnanılmazdır, amma ağ daşları parıldayan bu daş-qayalı kiçik həyətin bir küncündə “bostan” da var! Daş parçalarından “bənd” yaradıb içini torpaqla doldurublar və beləcə də günəbaxan, kartof… əkmək üçün sahə ərsəyə gətirib. İnsanın yaşamaq uğrundan təbiətlə cəng-cidalının bəşər yaşlı örnəklərindən biri!
Buduqlu Şahzadə kişiyə bol çörək, dolu tövlə arzulayıb ondan ayrılır, yenə kəndi gəzirik. Dünəndən qaçaraq ovqatda olan sürücü-bələdçi də elə hey bizi tələsdirir: “Tez olun, qurtraın da, axı burada çəkməli nə var ki!”
Bu dağ evinin bərəkətli bağçası da var…
Onunla qətiyyən razı olmasaq da geri qayıtmaq məcburiyyətindəyik. Amma yəqin ki, bu kiçik evlərin çoxunda bizə ötənlərin qəhrəman sakinlərindən soraq verə biləcək müdrik qocalar, xəzinəmisal sandığında ötənilki narı builki nara çatdıran sinədəftər ağbirçəklər var. Bunu Qubaya tələsən hövsələsiz bələdçiyə izah eləməyə nə vaxt, nə də həvəs var deyə, yenə əsrarəngiz Buduq Cafına – bu gözəl yaylağa doğru yol alırıq. Ancaq bu dəfə başqa yolla, Qrız Dəhnə kəndinə çıxan nisbətən rahat yolla gedəcəyik.
Bu da buduqlu Şahzadə kişi…
“Buduq qazmaları” deyilən yaşayış məntəqəsindən keçib yolumuza davam edirik. Sovxoz dönəmində burada da həyat qaynayırmış – sovxozun mal-heyvanını əsasən burada saxlayırmışlar. Heç indi də buralar kimsəsiz deyil: kəndlilər sakit-sakit öz təsərrüfatları ilə məşğuldurlar və deyilənə görə pis də yaşamırlar.
Köhnə sovxoz idarəsi indi beləcə adamsızdır…
Geniş yüksəklikdə hər tərəfi hasarlanmış, içərisində irili-xırdalı bir neçə villa olan malikanə görünür. Malikanənin iri tağlı darvazasının hər iki tərəfindəki Azərbaycan və ingilis dillərində olan qoşa lövhələrdə oxuyuruq:
Qərb Universiteti,
Azərbaycan Beynəlxalq Dağ Turizmi və Dağçılıq Federasiyası
DAĞ MƏDƏNİYYƏTLƏRİ VƏ LANDŞAFTLARI TƏDQİQAT İNSTİTUTU
Dağ bazası
“ÇƏRƏKƏ” DAĞ EKSTREMAL KLUBUNUN
Dağ idman bazası
Bu dağlar başında həmin qurumların nə işlə məşğul olduqları dedikcə maraqlıdır. Gərək yetkililərlə görüşüb saytımızın oxucularını da məlumatlandıraq. Sağlıq olsun!
…Buduq yaylağının son əsrarəngiz təbiət lövhələri sürətlə göz önündən itib-getməkdədir. İri topalar şəklində ətrafda bitmiş ağ çiçəklərə baxdıqca bunların niyə “çobanyastığı” adlandırıldığını başa düşürsən. İrəlidə Ekologiya və Təbii Sərvətlər nazirliyinin maraqlı giriş darvazası olan daha bir obyekti gözə dəyir. Uzaqlardan isə Qrız Dəhnənin gözəl mənzərələri, yağışdan sonrakı göbələklərtək artıb-çoxalmış müasir kotteclər, villalar gözə dəyiq – pulu olan hər kəs belə mənzərəli yerdə ev tikməyi özünə “borc” bilir!
Yeri gəlmişkən, deyilənə görə, klassik Buduq, mahal mərkəzi adlanan o nəhəng yaşayış məntəqəsi də elə bu tərəflərdədir. Qismət olsa, bir vaxt o yerlərə də gedər, vaxtilə hətta Nadir şahı da qorxuya salmış qaçaqların, sonralarsa bu tərəflərdə çox məşhur olan buduqlu Qaçaq Mayılın əcdadlarına vətən olmuş məkanları gəzib-dolaşarıq…
Asfalt yola çıxdınmı, sanki başqa aləmə, müasir sivilizasiyaya düşürsən. Hər şey adiləşir, öz qədimliyini-mübhəmliyini itirir. Bircə təbiət öz gözəllikləri ilə insanı əsarətində saxlamaqda davam edir…
Qudyalçayın lap qaşında, dənizə tələsən dağ sularının üstündə sanki asılı qalmış kabinədə qısa bir çay fasiləsindən sonra nəhayət, Qəçreşə yetişirik. Dostumuz bizi çoxdan gözləyir. Heç kəsin bu yerlərdən ayrılmaq istəmədiyini yaxşı anlasaq da, qonaqlarımızı tələsdiririk. Axı onlardan biri – Elxan Qəniyev ta İsmayıllıya getməlidir.
Hələlik, Quba! Hələlik, qoca dağlar, qədim xalqlar! Qismət olsa, yenə görüşərik. Amma biz və bizim kimi maraqlılar gəlməsə belə, siz əsrlərcə bundan əvvəl olduğu kimi, bundan sonra da var olacaqsınız! Sizin bizdən deyil, bizim sizdən öyrənməli olduğumuz çox mətləblər var!..
Zəruri sözardı: Məqalədə göstərilən problem və çatışmazlıqların tez bir zamanda uyğun təşkilatlar tərəfindən aradan qaldırılacağına ümid etmək istərdik…
Şövkət Səlimov BUDAD
Shahdaghpeoples.az saytının Baş redaktoru