Mədəni 07.06.2019 12:41

SƏYAHƏT: Dağlarda iki gün - FOTO

(Əvvəli burada)

Yaxın-uzaq Cek

 

Şahdağ xalqlarına aid ceklilər və Cek kəndi özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ceklilərin bir sıra nümayəndələri Şahdağ xalqlarının, xüsusən də ceklilərin tarix və mədəniyyətinin, adət-ənənələrinin təbliği sahəsində fəallıqları ilə fərqlənirlər.

 

Qoşa sal qayaya sığınmış Cek özü də qaya kimi möhkəmdir…

 

Xınalıq Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə – e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Amma kurqan, daha doğrusu, onun arxeoloqlar tərəfindən tədqiqi (açılması) ilə bağlı mətbuatda müəyyən narazılıqlar da yer aldı. Sakinlər, ilk növbədə kurqanın Xınalıq kəndinə aid olmasının elan edilməsi ilə razılaşmadılar. Mətbuatda demək olar ki, yer almamış, lakin əhali arasında şayiə kimi indi də yaşamaqda olan bir məqam isə bilavasitə kurqanın tədqiqinin aparılması prosesi ilə bağlıdır. Belə ki, yerli əhalinin qazıntı işlərindən uzaq tutulması buradan xeyli miqdarda qiymətli antik məmulatın tapılması haqqında söhbətlərin yayılmasına səbəb oldu.

 

Cekin ətrafındakı bu qayalı-mağaralı dağlar sirlərlə doludur  

 

Bir çox ceklilər kurqan yerinin turizm marşrutuna daxil edilməsi və kənddə buradan tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət muzey ekspozisiyasının yaradılması ilə bağlı arzularını ifadə etməkdədirlər. Səfərimiz gedişində görüşdüyümüz müxtəlif insanlardan bu barədə eşitdiklərimiz hələ aylar əvvəl bu tədqiqatda iştirak etmiş tanınmış arxeoloq alimə ünvanlanmış israrlı müsahibə təklifimizin dəfələrlə nəzakətlə rədd edildiyini də xatırlatdı bizə…

 

Turizm potensiallı bu kənddə də yardımçı sahələrdən biri arıçılıqdır

 

Cek kəndi rahat Quba-Xınalıq yolunun kənarında yerləşsə də burada turizmin inkişafı, xalq tətbiqi sənətləri bilicilərinin cəlb edilməsi, müxtəlif etnosuvenirlərin hazırlanması sahəsində durğunluq hökm sürməkdədir. Halbuki digər Şahdağ xalqları kimi ceklilər də qədim tarixə və bundan qaynaqlanan zəngin etnik-mədəni irsə sahibdirlər.

 

Salamat qal, Cek! Nəsibsə, yenə görüşərik…

 

Əslində bütün Quba Dağısatanının sakinləri kimi ceklilər də qadınlı-kişili ta qədimlərdən bir çox xalq tətbiqi sənətləri sahəsində mahir olmuşlar. Lakin təəssüf ki, rahat, zaman-zaman turistlərin səfər etdikləri asfalt yolun yaxınlığında yerləşməsinə baxmayaraq, hələ də bu sahədə lazımi addımların atılması ləngiməkdədir…

 

Əlik aman diləyir

 

Cek kəndindən Əlikə doğru yol aldıq. Yuxarı Əlik, Cekə nisbətən daha kiçilmiş, balacalaşmış kimi görünür. Bəlkə də bunun səbəbi kənddəki, son illər intensivləşmiş sürüşmələrdir. Bütün işlərimiz kimi sürüşmənin nəticələrinin aradan qaldırılmasına da yarı-yarımçıq əncam çəkilib və… bu məsələ sanki unudulub. Halbuki həmin qorxulu proses indi də davam edir.

 

Uçulmuş evlərə Əlikdə tez-tez rast gəlmək olur

 

Biz kənddə olanda təzəcə evlərdən birinin uçduğu bildirildi. Qudyalçayın sol qıyısındakı yamacda qərar tutmuş tarixi Əlik ev-ev tarixə qovuşmaqdadır. Bunu həm adamsız qalıb xarabalığa çevrilmiş yurdlar, həm dağılıb sakinlərini quru yerdə qoyan evlər, həm də çoxunun yeganə dolanışıq mənbəyi təqaüd olan sakinlərin giley-güzarları təsdiqləyir. Aşağılarda neçə-neçə kəndin yaranmasına rəvac versə də, indi bütün Şahdağ qrupu kəndləri kimi xeyli mağmın olan Əlikin özünün yaşamına veriləcək rəvaca, davamlı qoruma fəaliyyətlərinə ehtiyacı var…

 

Uçmaqda olan evlərin fonunda qışlıq ot tədarükü dağ adamlarının dəyanətindən xəbər verir…

 

Əlikdəki sürüşmələr haqqında ilk mətbu məlumatlar meydana çıxdıqda haradasa kənarda əliklilər üçün kiçik qəsəbənin salınması ilə bağlı cavab-xəbərlər də səsləndi. Elə indinin özündə də evləri davam etməkdə olan sürüşmə nəticəsində yararsız hala düşmüş insanlardan bəzilərinə kənarda ev verilməsi deyilməkdədir. Shahdaghpeoples.az olaraq həmin məsələni yaxın gələcəkdə işıqlandırmağı nəzərdə tuturuq. Lakin bu yazıda ilk növbədə tarixi Əlikin taleyi məsələsinə toxunacağıq.

 

Viranə yurdda unudulmuş səhəng…

 

Əlik, hər şeydən əvvəl Şahdağ milli-etnik qrupuna aid azsaylı xalqlardan birinin ana vətənidir. Bu kəndin və bu xalqın əsrlərdən bəri yaşadığı məkanda qorunub saxlanılması, zənnimizcə, prioritet hesab edilməlidir. Ancaq çox təəssüf ki, Əlikin indiki miskin, köməksiz görkəminə baxdıqca anlamaq olur ki, bir vaxtlar dəbdə olan ifadə ilə desək, “əlaqədar təşkilatlar” bu unikal kəndin yavaş-yavaş (yavaş-yavaşmı?) Qudyalçayın qurbanına çevrilməsi ilə çoxdan barışıblar. Halbuki azsaylı da olsa bir xalqın ata yurdunun təbiət tərəfindən məhv olunmasına göz yummamaq milli azlıqlara qayğı göstərdiklərini bəyan edən həmin o əlaqədar qurumları mütləq narahat etməli idi.

 

Kəndin çayqırağı evlərinin çoxunu artıq Qudyalçay udub

 

Hətta mühəndis olmayan insan da Əliklə tanışlıqda başa düşür ki, bu hissədə Qudyalçayın sahilində möhkəm bəndin çəkilməsi həmin kəndi fəlakətli aqibətdən qurtara bilər. Bəs indiyədək niyə bu sahədə əməli tədbirlərə başlanmayıb? Vəsaitmi yoxdur, yoxsa istəkmi? Bəlkə hər ikisi? Bilmirik. Dəqiq bildiyimiz Əlik adlı kəndin tezliklə yer üzündən silinəcəyi və əliklilərin də bir vaxtlar yergüclülərin yaşadıqları taleyi yaşayacaqlarıdır.

 

Qapısı bağlı Əlik klubu hələlik təhlükədən yan ötə bilib… 

 

Amma hələ ümid var. Ümid var ki, nəhayət ölkə rəhbərliyi bu problemin həlli üçün zəruri olan bütün addımları atacaq və qədim tarixə, adət-ənənələrə malik Əlik də xilas ediləcək. Söhbətləşdiyimiz əliklilərin də bu ümidlərinin hələ ölmədiyini hiss etmək olurdu.

Əliklilər də gözləyir, qədim Yuxarı Əlik də…

 

Ballı-güllü Haput

 

Haput kəndi Baş Qafqaz silsiləsinin yamacında qərarlaşıb. Qafqazdilli etnik qrup olan haputluların məskunlaşdığı kəndlərdən biridir. Haputlular özlərini hər adlandırırlar. Kəndin adı Ptolomeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü “tələsik, vaxtından tez” mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göyçay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.

 

Gün başa çatır… Haputdan bir görünüş

 

Haputa (Hapıta) sakit bir axşamüstü vaxtı çatdıq. İlk baxışda dinc-ətalətli görünən bu ab-havada kənd öz qayğıları ilə yaşayırdı. Əsrlərdən bəri əsas məşğuliyyətləri heyvandarlıq və başlıcası da maldarlıq olan haputlular yenə öz adəti iş-gücləri ilə məşğul idilər: kimi mal-qarasını rahatlayır, kimi ev quşlarını hinə yığır, kimi çöldəki qurumuş qışlıq otunu həyətinə yetişdirmək üçün quru otla dolu lafet qoşulmuş tırtıllı traktorla ağır-ağır enişdən enir, kimi də gərgin zəhmətdən sonra evinin önündəki taxtanın üstündə oturub kəndi seyr edə-edə dincəlirdi.

 

Haputda da “Xınalıq mərtəbələri” fenomenini xatırladan evlərə rast gəlmək olur…

 

Kisələrə doldurduqları yunları sısqa dağ çayında döyəcləyib yuyan qadınların yanından keçib kəndin ən yüksək nöqtəsinə yetişirik. Buradan Dağ Haput – zaman-zaman ətraf rayonlarda onlarla kənd yaradacaq qədər insan yetişdirmiş, şahlara, xanlara və ümumiyyətlə, üzərinə bəd niyyətlə gələn bütün qüvvələrə qarşı sərt-dönməz, qonaq-qarasına, dostlarına münasibətdə isə səxavətli olan, ilk baxışda çiçəksiz kimi görünən dağlarından hasil edilən balın vaxtilə hətta Moskvadakı ümumittifaq sərgilərində öyüldüyü bu qədim və zəngin kənd ovuc içi kimi aydın görünür.

 

Haputdakı divara hörülmüş bu yazı və işarələr öz tədqiqatçısını gözləyir…

 

Bu nöqtədən bir xeyli şəkil çəkəndən sonra kəndin içindəki ziyarətgah və onun yanındakı bir tərəfi erroziyaya uğradığından qəbirləri açılmış məzarlığa yaxınlaşırıq. Fotoqraflar Birliyinin üzvləri baxımsız məzarları lentə almaq üşün çətinliklə də olsa daha yaxına gedirlər. Hətta hər an yarğana yuvarlanmaq qorxusu da çəkiliş həvəsinə qalib gələ bilmir. “Görəsən niyə bu məzarlıqla maraqlanan yoxdur?” deyə, özünüzə sual verəcəksiniz. Elə bizim də ürəyimizdən keçən bu idi.

 

Ekspromt “Haput natürmortu”

 

Amma axşam düşürdü, hələ qarşıda Xınalığa çatmaq və gecələmək üçün yer tapmaq kimi vəzifələr dururdu. Odur ki, yubanmadan turizm üçün istifadə edilməyən imkanlar cənnəti olan qədim Haputu tərk edib Xınalığa doğru yol aldıq.

 

Haputun sabahı doğma kəndlərini sevən bu gənclərin əlindədir… 

 

İki Xınalıq

 

Bəli, əslində iki Xınalıq mövcuddur. Bunlardan biri hamının məşhur şəkillərdən tanıdığı, zirvədə qərarlaşmış qədim-qayım, təkrarsız Xınalıq, digəri də nisbətən yeni salınmış və bu yerlərdəki digər kəndlərdən seçilməyən, şəkillərindən heç cür Xinalığın bir parçası olduğu anlaşılmayan yeni, aşağı Xınalıqdır.

 

Aşağı – yeni Xınalığın yay səhərlərindən biri açılıb

 

Hələ Qəçreşdə ikən özümüzə Xınalıqda qalacaq yer tapmışdıq: turistləri qonaq saxlamaqla keçimini saxlayan bir ovçu münasib haqq müqabilində dəstəmizə gecələmə yeri verməyə boyun olmuşdu. Amma Haputda ikən məlum oldu ki, bizə vəd edilmiş o otaq daha boş deyil, tutulub (imanımızı yandıra bilmərik, lakin əgər bron ləğv edilirsə, imtinanın daha çox ehtimal olunan səbəbi nisbətən artıq haqqın təklif olunmasıdır, – deyə düşündük). Mobil telefon, IT əsridir, biz də Qubadakı təşkilatçı dostumuz, əslən Xınalıqdan olan Əli bəyin köməyi ilə onun qohumlarının evində gecələyəsi olduq.

 

Bağ-bağatlı aşağı Xınalıqdan daha bir səhər görüntüsü 

 

Axşamüstü aşağı Xınalığın artıq erkən payızın sərin nəfəsinin duyulduğu alatoran küçələrində gəzmək və bir az da bazarlıq etmək üçün yuxarı, klassiuk Xınalığa qalxırıq. Buradan baxanda kənd əl içi kimi aydın görünür. İlk gözə çarpansa təzə, geniş və müasir məktəb binasıdır. Asfalt yolla bahəm bu təhsil ocağı da ölkə rəhbərliyinin Xınalığa hədiyyələrindən biridir. Yeni dövrün ab-havası, turizm əsintisindən fayda götürmək canatımı burada digər kəndlərdə olduğundan daha güclü hiss edilir: kənddəki iki marketdən birinin ikinci mərtəbəsi otel kimi fəaliyyət göstərir. Qonaq olduğumuzu başa düşən mağaza satıcısı hara düşdüyümüzü, neçəyə qaldığımızı soruşur və tez də əlavə edir ki, münasib qiymətə gecələmə yeri var. Lakin biz artıq turist yox, qonaq statusunda olduğumuzu xatırlayıb, nəzakətlə təklifi rədd edirik…

 

Qədim Xınalığın məhşur mərtəbələri…

 

Ev sahiblərinin qonaq etdikləri kənd nemətlərinin göz oxşadığı şam masası arxasında çox maraqlı söhbət baş tutur. Məlum olur ki, hamının ürəyi dolu imiş. Turizmin inkişafının faydalarından tutmuş bu yerlərin gələcək gəlişimi və bu işdə gənclərin roluna qədər bir çox mövzular ələ alınır, fikirlər söylənir. Bizi xoş sürpriz də gözləyirmiş.

 

                Rəhim Alxasın tərcüməsində Nizami Gəncəvinin “Hikmət çələngi” Xınalıq dilində nəşr olunub 

 

Məlum olur ki, qonaq qaldığımız evin övladı, savadlı bir gənc, bacarıqlı veb-dizayner və təşkilatçı Elnur Məmmədov hələ 2013-cü ildə Almaniyanın Frankfurt şəhərindəki Höte Universitetinin Dilçilik fakültəsinin “DoBeS” layihəsinin maliyyə dəstəyi ilə xınalıqlı şair Rəhim Alxasın Xınalıq dilində olan şeirlərini, onun tərcüməsində Nizaminin və Füzulinin əsərlərini dərc etdirmiş, Xınalıq dilində… meyxanalardan ibarət kompakt kitab və CD-disk buraxmağa nail olmuşdur!

Şövkət Səlimov BUDAD

Shahdaghpeoples.az saytının Baş redaktoru

(Davamı var)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO