Şri-Lankada terroru yeddi kamikadze törətdi
Şri-Lankada terror aktları seriyasını yeddi kamikadzenin həyata keçirdiyi ehtimal edilir.
Rakus.az xəbər verir ki, təhqiqatçılar insan cəsədlərini analiz edərək belə nəticəyə gəliblər. Burada 8 partlayışdan 6-dan söhbət gedir. Kolombo şəhərində “Şanqri-La” otelinə hücumda iki, digər partlayışların hərəsində isə bir terrorçu-kamikadze iştirak edib.
Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada partlayışlar seriyası törədilib. İlk 6 partlayış 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Son məlumata görə, hücumlar nəticəsində həlak olanların sayı 290 nəfərə çatıb, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.
Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən artıq hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.