“Starlink” internet peyki orbitə çıxarıldı
Ağır “Falcon 9” daşıyıcısı raketi iyunun 4-də “Starlink” qlobal internet şəbəkə sistemi üçün nəzərdə tutulan 60 mini peyki aşağı yerətrafı orbitə çıxarıb.
Rakus.az xəbər verir ki, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” kompaniyasının məlumatına görə, hazırda internet örtüyünün orbital qrupu 480 kosmik aparatdan ibarətdir.
“Falcon 9” daşıyıcı raketi iyunun 3-də ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 21:25-də (Bakı vaxtı ilə iyunun 4-ü saat 5:25) NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromun LC-40 start kompleksindən fəzaya buraxılıb. Startdan 15 dəqiqə sonra hər birinin çəkisi 260 kiloqram olan peyklərdən ibarət qrup ikinci pillədən ayrılıb və 212-386 kilometr hündürlükdə elliptik orbitə daxil olub. Peyklər yoxlamadan sonra 550 kilometrlik orbitə qalxacaq. Bu, ötən ilin may ayından “Starlink” layihəsi çərçivəsində orbitə çıxarılan səkkizinci internet-peykləri qrupudur.
“SpaceX” kompaniyası Yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.
“SpaceX” kompaniyası qlobal internet örtüyünün təmin olunması üçün orbitdə iri peyk qruplaşmasının qurulmasına çalışan kompaniyalardan biridir. Onların arasında “OneWeb”, “Telesat”, “LeoSat” və “Amazon” kompaniyaları da var.