Sudanda yeni Baş Nazirin namizədliyi təsdiq edildi
Avqustun 14-də Sudan müxalifət koalisiyasının yeni formalaşdıracağı hökumətdə Maliyyə naziri vəzifəsindən imtina edən Afrika İqtisadi Komissiyasının sabiq icraçı katibi Abdulla Hamdukun ölkənin Baş Naziri vəzifəsinə namizədliyi təsdiq olunub.
Rakus.az Sudanın rəsmi SUNA agentliyinə istinadla xəbər verir ki, ölkədə dəyişiklikləri həyata keçirən “Azadlıq və islahatlar” alyansı onun namizədliyinə yekdilliklə səs verib.
Alyans, həmçinin Əbdül Kader Məhəmmədin Ali Məhkəmənin sədri, Məhəmməd Əl-Hafizin isə Baş prokuror vəzifəsinə namizədliyini təsdiq edib.
Xatırladaq ki, aprelin 11-də uzun aylar davam edən mitinqlərdən sonra Sudan Prezidenti Ömər Əl-Bəşir 30 illik hakimiyyətdən sonra hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Ölkədə hakimiyyət generallardan ibarət Hərbi Şuranın əlinə keçmişdi. Müxalifətin etiraz aksiyalarından sonra keçid dövründə müvəqqəti hökumətin yaradılması haqqında razılıq əldə olunub. Üç il müddətində ölkəni idarə edəcək və “Suveren Şura” adlanacaq bu hökumətdə həm mülki şəxslər, həm də hərbçilər təmsil olunacaqlar.