“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qədim türklər tarixi yaradıb, onu yazmayıblar” adlı veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov şumer və türklərin qədim yazılarından danışıb.
O bildirib ki, qədim türklər tarixi yaradıb, onu yazmayıblar: “Türklərin qədim yazıları bilərəkdən dağıdılıb. Rus əsgərləri qədim Türk Abidəsini güllə-baran etdilər. Türklərin yerinə doluşan xalqlar onlar haqqında mənfi rəy yaradıblar. Şumerlərin türk mənşəli olduğunu sübut edən dəlillər. Şumer yazısını ancaq türk dilini bilən oxuya bilər”.
Onun sözlərinə görə, Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub: “Azərbaycanda ilk türk dövləti Arratdadır. Azərbaycan dövləti eradan əvvəl 3-cü minillikdə qurulub. Quti və Lulubi Azərbaycan dövlətləridir. Azərbaycanda yaranan ilk mərkəzləşmiş dövlət Mannadır. Mannalılar eyni millər odluğu üçün Skiflərlə ittifaq bağlayıb”.
Tarixçi deyib ki, qassilər türk tayfası olub, dövlət qurublar və Qassi dövləti süqutdan 1000 il sonra Kaspi dövləti adı ilə yenidən yaradılıb.
A.Seyidov Bosniyada tapılan mühüm fərmandan danışıb, amerikalı bankir və iş adamı David Rokfellerin ölümündən qabaq türklərlə bağlı dəhşətli etiraflarından söz açıb: “Rokfeller deyib ki, biz türk adını silmək üçün Şumerlər tarixini saxtalaşdırdıq. Türk sivilizasiyasını kiçiltmək üçün antik yunan və Misiri qabartdıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyunun 18-də saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.