Tacikistanla əməkdaşlıq müzakirə edildi
Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiyada rəsmi səfərdə olub.
Rakus.az Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Emoməli Rəhmonla görüşündə siyasi, hərbi, hərbi-texniki, yanacaq-energetika, nəqliyyat, logistika, turizm, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər ölkələrin strateji mövqeyi, regional problemlər, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, Əfqanıstanda sülhün və sabitliyin bərpa olunması, Tacikistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Tacikistan Rusiyanın ticarət və iqtisadi tərəfdaşı olaraq qalır, ötən il ölkələr arasında ticarət mübadiləsi 1 milyard dollardan artıq olub. 2018-ci ildə Rusiyanın Tacikistana qoyduğu sərmayə də bu qədər təşkil edib.
Vladimir Putin Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının regionda sülhün və sabitliyin qorunmasında mühüm rolu olduğunu diqqətə çatdırıb.
Emoməli Rəhmon Rusiyanın baş naziri Dmitri Medvedevlə də görüşüb.