Tramp ermənilərin ümidini üzdü
ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı açıqladığı bəyanatında yenə də “böyük fəlakət” ifadəsini işlədib. Tramp bundan əvvəlki il də Osmanlı impresiyası dövrü ermənilərin kütləvi qətlləri ilə bağlı 24 aprel bəyanatında hadisələri “soyqırım” deyil, “böyük fəlakət” adlandırmışdı.
Rakus.az xəbər verir ki, “Bu gün biz böyük fəlakəti xatırlayırıq və 20-ci əsrin ən dəhşətli kütləvi qətliamlarından birində acı çəkənləri anırıq”, Tramp yazılı bəyanatında bildirib.
“1915-ci ildən başlayaraq Osmanlı imperiyasının son illərində 1.5 milyon erməni deportasiya edilib, qətl edilib, ya da ölümə məhkum edilib. Bu anım günündə biz Amerikada və dünyada çox sayda insanın həyatını itirməsinə görə erməni icmasının kədərinə qoşuluruq”, ABŞ prezidentinin bəyanatında deyilir.
Tramp daha sonra bəyanatında bildirib:
“Bu gün biz həm də insan haqları fəalı və vəkil Rafael Lemkin kimi zorakılığa son qoymağa çalışan, eləcə də bu kimi dəhşətlərin bir daha baş verməməsinə çalışan insanları da şərəfləndirir və təqdir edirik. Biz həyatları xilas edən və erməni icmalarının dirçəlməsinə kömək edən səxavətli amerikalıların töhfələrini yadda saxlayırıq. Əziyyət çəkənlərin xatirəsini anarkən biz həm də bir çox məhdudiyyətlər qarşısında qalmalarına baxmayaraq, bütün dünyada, eləcə də ABŞ-da canlı icma yaradan erməni xalqının cəzarəti və dözümlülüyündən ilham alırıq.”
ABŞ prezidenti bəyanatında “keçmişin faciələrinin təkrar olmaması üçün onlardan dərs almağa” söz verib.
“Biz ermənilər və türklərin acı tarixi tanımaq və bununla hesablaşması istiqamətində səylərini alqışlayırıq. Biz böyük fəlakət zamanı itirilən həyatları anan erməni xalqı ilə bir dayanırıq və sülhə sadiqliyimizi bir daha təsdiq edirik”, deyə Trampın bəyanatda bildirilir.
Bundan öncə ABŞ-ın keçmiş prezidenti Barak Obama da hakimiyyətdə olduğu illər ərzində ermənilərin qətllərini anıb, lakin “soyqırım” idafəsini işlətməyərək, hadisələri 20-ci əsrin ən böyük fəlakətlərindən biri adlandırmışdı.