Tramp virtual debatdan qaçır
ABŞ Prezidenti Donald Tramp onlayn debatlarda iştirak etməyəcəyini deyib.
Rakus.az xəbər verir ki, “Buna qatılmayacağam və buna vaxt itirməyəcəyəm”, – Tramp “Fox Business”ə verdiyi müsahibədə bildirib.
Bundan əvvəl “Associated Press” Prezidentin Debat Komissiyasına istinad edərək oktyabrın 15-də Tramp və Co Bayden arasında seçki öncəsi ikinci debatın virtual formatda keçirilməsinə dair qərarı açıqlamışdı.
Debatların onlayn olması qərarı Trampın koronavirus diaqnozu ilə əlaqədar verilib.
74 yaşlı prezidentin koronavirusa yoluxması Co Baydenlə ikinci raund debatın keçirilməsini şübhə altına qoymuşdu. Lakin Ağ Ev rəhbəri hospitaldan Ağ Evə qayıtdıqdan sonra özünün “Twitter” hesabında oktyabrın 15-də keçiriləcək debatların ikinci raundunu səbrsizliklə gözlədiyini bəyan etmişdi.
Bayden öz növbəsində bildirmişdi ki, təhlükəsizlik tədbirdləri görüləcəyi təqdirdə debatların ikinci raunduna hazırdır.
Onu da qeyd edək ki, Trampın öz işinə bu qədər sürətlə qayıtması ABŞ mediasında birmənalı qarşılanmayıb.
“The Hill” ölkədəki səlahiyyətlilərin hazırkı tövsiyələrinə görə, digər insanlara yoluxma riskini minimuma endirmək üçün koronavirus xəstələrinin ən azı 10 gün özlərini təcrid etməli olduğunu xatırladıb.