Türkiyə antiterror əməliyyatlarının nəticələrini açıqladı
Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) ölkə xaricində həyata keçirdiyi antiterror əməliyyatlarının nəticələrini açıqlayıb.
Rakus.az xəbər verir ki, Suriya ərazisində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində bu vaxta qədər 2 mindən çox mina və bomba zərərsizləşdirilib.
Tel Abyad bölgəsində terrorçulardan aviasiya əleyhinə 11 qurğu götürülüb. Rəsulaynda isə PKK/YPG terror təşkilatlarına məxsus silah təmiri sexindən 683 raket gilizi və 93 ədəd bomba üçün nəzərdə tutulan qab ələ keçirilib.
Bundan başqa, İraqın şimalında həyata keçirilən “Pəncə-1” və “Pəncə-2” antiterror əməliyyatlarında 90 terrorçu məhv edilib.
Xatırladaq ki, ölkə daxilində də uğurlu antiterror əməliyyatları həyata keçirilir. Axtarışda olan çoxlu sayda terrorçunun məhv edilməsi PKK terror təşkilatına sarsıdıcı zərbə vurub. Uzun illər PKK-nın nəzarətində olan bölgələr, o cümlədən dağlıq və dağətəyi bölgələrdəki yaylaqlar, dilbər guşələr əhalinin istifadəsinə verilib. Ölkənin şərq və cənub-şərq bölgələrinə turizm axını başlayıb, tarlalarda və yaşayış məskənlərindən kənardakı karxanalarda iş bərpa olunub.