Türkiyə Avropa Parlamentinin qərarını RƏDD ETDİ
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin “Barış pınarı” əməliyyatına olan münasibətini tamamilə rədd edib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Nazirlik bəyan edib ki, Avropa Parlamentinin qərarından qətiyyən təəccüblənmir:
“Əvvəl qeyd edildiyi kimi, əməliyyatlarımız beynəlxalq qanunlar çərçivəsində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə və BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə qərarlarına əsasən özünümüdafiə hüququmuza uyğun olaraq həyata keçirildi. Əməliyyatda Avropa Parlamenti və NATO tərəfindən də terror təşkilatı olaraq qəbul edilən PKK-nın Suriya qanadı – PYD-YPG elementləri ilə hədəf alınıb. Bu elementlərin sığınacaqları, mövqeləri, silah-alətləri və texnikası məhv edilir, mülki şəxslərə və mülki infrastrukturlara zərər verilməməsi üçün bütün lazımi tədbirlər görülür. Bundan əlavə, əməliyyatın qanuniliyi ABŞ və Rusiya ilə imzalanan müqavilələrlə qeydə alınıb. İndiyə qədər beynəlxalq ictimaiyyətə və xarici həmsöhbətlərimizə ən yüksək səviyyədə açıqlamalar verilib. Lakin Avropa Parlamenti bütün bu açıqlamalara rəğmən bizimlə bağlı sərt mövqeyindən dönməyib”, – Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Qurum Avropa Parlamentinin Türkiyəyə qarşı qərəzli mövqedən əl çəkməməyindən təəssüflənib.
“Parlament Suriyadan qaynaqlanan PKK-PYD-YPG və İŞİD terroru ilə mübarizədə olan Türkiyəyə həmrəylik göstərmək əvəzinə, bir terror təşkilatının gündəminə xidmət etməyi və yersiz iddialara etibar etməyi əsas tutur. Lakin heç bir güc və heç bir qərar Türkiyəni milli təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atmaqdan saxlaya bilməz”.
Xatırladaq ki, Avropa Parlamentindəki bəzi yunan əsilli deputatlar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatları qınayıb. Bildiriblər ki, bu əməliyyatlar 1974-cü ildə Türkiyənin Kiprdə həyata keçirdiyi “Barış pınarı” ilə eyni səciyyə daşıyır. Yəni hər iki əməliyyatın əsas məqsədi əslində işğaldır.