Türkiyə DQ-da keçiriləcək seçkiləri boykot etməyə çağırdı
Rəsmi Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz Prezident və Parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.
Rakus.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan Prezident və Parlament seçkiləri, Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür: “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.
Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür: “Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.
Türkiyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”. (apa.az)