Türkiyə Makrona sərt reaksiya verdi
Türkiyə Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Yunanıstanla Türkiyə arasında Aralıq dənizinin şərqindəki gərginliklə əlaqəli açıqlamalarına reaksiya verib.
Rakus.az xəbər verir ki, açıqlamada deyilir:,
“Fransa Prezidenti Makron köhnə müstəmləkə refleksləri ilə yuxarıdan dərs verməyə çalışaraq təkəbbürlü açıqlama verib. Əslində, Makronun açıqlamaları onun öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki, bütün dünyada sərbəst “at çapdıqları günlər” bitib. Xarici siyasətdə bütün hiyləgər planlarını suya düşürdüyümüz, kirli oyunlarını pozduğumuz Makron daxili ağrısı ilə hər gün həyasızcasına Türkiyəyə və cənab Prezidentimizə qarşı fikirlər səsləndirir.
Fransa prezidenti fərdi və millətçi mövqeyi ilə gərginliyə təşviq edir, Avropa və Aİ-nin (Avropa İttifaqı) böyük maraqlarını riskə atır.
Aralıq dənizindəki və ya başqa bir coğrafiyada olan ölkənin dəniz hüdudlarını təyin etməyə Makronun ixtiyarı yoxdur. Biz Makronun aciz vəziyyətini fransız xalqının mülahizəsinə buraxırıq”.
Makron açıqlamasında bildirib: “Biz avropalılar olaraq Ərdoğana qarşı möhkəm və güclü olmalıyıq. Gərginliyi artırmaqdan çəkinmək istəyirik, amma Türkiyə hökuməti bəzi bölgələrdə niyyətini aydınlaşdırmalıdır. Avropa birləşərək Türkiyə ilə bağlı daha aydın və vahid mövqedə olmalıdır”.