Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxladı
Türkiyənin hüquq-mühafizə orqanları İŞİD qruplaşmasının öldürülən lideri Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb. Əməliyyat İŞİD qruplaşmasının fəaliyyətinin təhqiqatı çərçivəsində dörd əyalətdə aparılıb. Onlardan 11-i Kırşehir, 5-i Samsun, 3-ü Ordu və 6-sı Şanlı Urfa əyalətlərində keçirilən əməliyyat zamanı saxlanılıb. Saxlanılan şəxslərin 4-ü məhkəmə tərəfindən terror təşkilatında iştirak ittihamı ilə həbs olunub.
İŞİD qruplaşması liderinin 21 qohumu, o cümlədən iki uşaq Türkiyədən deportasiya ediləcək.
Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada keçirilən əməliyyat nəticəsində öldürüldüyünü elan edib. Terror qruplaşmasına bağlı “Amaq” saytı faktı təsdiqləyib.