Türkiyə “S-400”ləri ehtiyatda saxlamalıdır – Çavuşoğlu
“Türkiyənin ABŞ-dan “Patriot” müdafiə raketlərini ala bilməməsində bütün məsuliyyəti keçmiş prezident Barak Obamanın üzərinə qoyulması doğru olmaz. Çünki Donald Tramp prezident olduqdan sonra 2 il ərzində “Patriot”larla bağlı müraciətlərimiz cavabsız qaldı”.
Rakus.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu deyib.
Nazir Donald Trampın “G20” Sammitində Türkiyənin “Patriot”ları əldə edə bilmədiyi üçün Rusiyadan “S-400” Zenit-raket kompleksi almağa məcbur olduğuna dair açıqlamasını yüksək qiymətləndirdiklərini vurğulayıb: “Trampın mətbuat konfransında da bu məsələni ayrıca vurğulaması önəmli idi. Düzdür, hər şey Trampın dediyi kimi olmayacaq. Türkiyə təmkinlidir və prosesləri təqib edir”.
Mövlud Çavuşoğlu Türkiyənin “S-400”ləri istifadə etməyəcəyinə dair səslənən fikirlərə də münasibət bildirib: “Bu, hücum sistemi deyil, müdafiə sistemidir. Ona görə kompleksi ehtiyatda saxlamaq lazımdır. Nə zaman Türkiyə üçün təhlükə yaranacaqsa, o zaman istifadə ediləcək. Bu qədər vəsait ödənib deyə, boş yerə istifadə olunmamalıdır”.