Türkiyə XİN Xocalı faciəsi ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Rakus.az xəbər verir ki, Türkiyə XİN-in bəyanatında bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə edilən hücum nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq öz torpaqlarında məcburi köçkün kimi yaşayırlar: “Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Xocalı qətliamını və uzun illərdir davam edən işğalı şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərikik. Bu qətliamda həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına başsağlığı veririk”. (apa.az)