Türkiyə XİN: “Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”
Türkiyə Xarici İşlər nazirinin sözcüsü Hami Aksoy regionda bütün problemlərin həllinin ortaq paydaşının Türkiyə, problemi yaradanlara, o cümlədən Qarabağdakı işğalçı Ermənistana dəstək verənin isə Yunanıstan olduğunu deyərək, Afinanı türklərə qarşı düşmənçilikdən əl çəkməyə çağırıb.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında bəyanat dərc olunub.
Bəyanatda Yunanistan Xarici İşlər naziri Nikos Dendiasın Ermənistan ziyarəti zamanı dediyi sözlərin və iddiaların Afinanın Ankara ilə ilə münasibətlərində yaxşı qonşuluq, dialoq və əməkdaşlıq yerinə gərginlik və eskalasiya siyasətinə üstünlük verdiyinə yeni bir dəlil olduğu bildirilib.
“Bu iddialar tarixi həqiqətləri ört-basdır edə bilməyəcək. Yunanistan Anadoluda törədilmiş zülmü və bunun üçün təzminat ödəməli olduğunu unutmamalı, tarixi düzgün oxumalı və türklərə qarşı düşmənçilikdən əl çəkməlidir”, – sənəddə bildirilib.
Bəyanatda Yunanıstanın regionda bütün problem yaradanları, o cümlədən Qarabağda işğalçı Ermənistanı dəstəklədiyi, Türkiyəyə qarşı fəaliyyət göstərən PKK, PYD, FETÖ daxil olmaqla bütün terror təşkilatlara qapılarını açdığı vurğulanıb:
“Yunanistan Xarici İşlər nazirinin Dağlıq Qarabağda və ətrafındakı yeddi rayonda kimin işğalçı, kimin qurban olduğunu ayırd etməli və beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çəkilməsini hökm edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, 28 ildir davam edən qanunsuz işğalını qınamağa da dəvət etməsi lazımdır”.
“Yunanıstan bu siyasətləri tərk etməli, Türkiyəni, regionun və dünyanın həqiqətlərini yaxşı oxumalıdır”, – bəyanat yekunlaşdırılıb.