Türkiyənin məhşur “Skylife” jurnalı Naxçıvandan yazır
İldə 70 milyon insanın oxuduğu Türkiyənin “Skylife” turizm jurnalında Naxçıvan haqqında geniş məqalə dərc edilib.
Rakus.az xəbər verir ki, 6 səhifədən ibarət olan “Mədəniyyətlər beşiyi Naxçıvan” adlı məqalənin mətni Büşnranur Kocaerə, şəkilləri isə Məsudə Bülbülə məxsusdur.
“Beş min illik şəhər mədəniyyəti olan Naxçıvan öz tarixi və təbii-turizm imkanları ilə unikal bir yerdir”,- yazan müəllif qədim şəhərin saf havasına diqqət çəkib. Məqalədə Naxçıvan şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilib. Hər addımda tarixin bir parçası ilə qarşılaşan müəllif şəhərdə sürətli inkişafın baş verdiyini qeyd edib, ən son texnoloji yeniliklərin istehsalatda geniş tətbiq edildiyini vurğulayıb. Naxçıvanın Nuh peyğəmbərin vətəni kimi tanındığını və Əshabi Kəhfin ziyarət və dini turizm baxımından yüksək imkanlara malik olduğunu qeyd edib.
Böyük İpək Yolunun mühüm bir hissəsi kimi xatırladılan Naxçıvanın məşhur qaymağı, müalicəvi balı və lavaşı, dərman bitkiləri, dağ pencərlərindən hazırlanan təbii yeməkləri də qonaqların diqqətindən yayınmayıb.
Məqalədə naxçıvanlıların qonaqpərvərliyindən, gənclər üçün yaradılan yüksək təhsil imkanlarından xüsusilə söhbət açılıb. Qədimliklə müasirliyin qovuşduğu Naxçıvanda Xan sarayı, Xalça muzeyi, Şərq hamamları, Came məscidi, Nuh Püyğəmbərin Məzarüstü türbəsi, Duzdağ, Möminə Xatın türbəsi və Naxçıvanqala ilə tanış olan müəlliflər oxuculara şəhərin tarixi barədə də ətraflı məlumat veriblər. Qeyd olunub ki, Naxçıvanqalada tez-tez keçirilən festivallar qədim diyara turist axınını sürətləndirib.
Müəlliflər yazıda Naxçıvanın müasir tikililərinə də diqqət çəkib, şəhərin heyrətamiz mənzərəsindən və kəndlərin inkişafından bəhs ediblər. Naxçıvanda fəaliyyət göstərən otel və digər turizm şəbəkələri barədə də məlumat verilib, Naxçıvana Asiya və Avropa ölkələrindən hansı nəqliyyat növləri və marşrutlarla gəlmək barədə turistləri məlumatlandırıblar.
Məqalə ilə bu linkdən tanış ola bilərsiz: https://www.skylife.com/tr/2019-06-4/medeniyetler-besigi-nahcivan