“Türklərin qədim adları oğuzlar olub” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Azərbaycan türkləri oğuz-qıpçaq qarışığıdır” adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu oğuz-qıpçaq, monqol-tatar məsələlərindən söz açıb.
O bildirib ki, oğuzlar, qıpçaqlar hamısı türk adlandırılmayıb: “Türklər oğuzlarla vuruşub. Türklərin qədim adları oğuzlar olub. Monqol-tatar məsələsində tatarları ikinci plana atmaq siyasəti aparılıb. Monqollar XX əsrdə biliblər ki, Çingiz xan adlı qəhrəmanları var. Ruslar 1918-ci ildə Çingiz xanı monqollara “hədiyyə” etdi. Türk adını silmək üçün monqol amilini ortaya atdılar”.
Onun sözlərinə görə, Azərbaycan dili oğuz və qıbçaq dillərindən yaranıb: “Qədim Albaniya qıpçaq dövləti olub. Oğuzlar gələnə qədər qıpçaqlar xristian olub”.
Erməni-müsəlman davasının dini anlayış daşıdığını söyləyən G.Yoloğlu ermənilərin xristian kimi qalmış qıpçaqlar olduğunu vurğulayıb: “Dinlərini dəyişməyən qıpçaqlar haylarla birləşib. Qıpçaqlar türk mədəniyyətini haylara təlqin ediblər. Haylar Alban tarixini, əlifbasını mənimsəyiblər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyunun 14-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.