Üç ayda yol qəzaları ilə bağlı STATİSTİKA açıqlandı
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.
Rakus.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub.
Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.
Bu ilin yanvar-mart ayları ərzində baş verən bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hadisələrin 50 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Bundan başqa, bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olub. Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.