Ukraynada deputat toxunulmazlığı ləğv edildi
Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib.
Rakus.az xəbər verir ki, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə (Ukrayna xalq deputatlarının toxunulmazlığı ilə əlaqədar) dəyişikliklər edən 7203 nömrəli qanun layihəsi Ali Radada ikinci oxunuşda təsdiqlənib.
Qanun layihəsinin təsdiqlənməsi üçün minimum 300 səs tələb olunsa da, parlamentin iclasında 373 deputat qanun layihəsinin lehinə səs verib.
Yeni düzəliş Ukrayna Konstitusiyasının 80-ci maddəsindən millət vəkillərinin toxunulmazlığı, habelə deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna və həbs oluna bilməyəcəyinə zəmanət verən bəndin çıxarılmasını nəzərdə tutur. Konstitusiyanın 80-ci maddəsində yalnız təhqir və böhtan üçün məsuliyyət istisna olmaqla, deputatların parlamentdə və onun orqanlarında səsvermənin nəticələrinə və ya iradlara görə qanuni cavabdeh olmadığı müddəası yer alacaq.
Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.