Ukraynanın Xarkov vilayətində qəzaya uğramış hərbi təyyarə barəsində yeni məlumatlar əldə olunub.
Rakus.az xəbər verir ki, təyyarənin göyərtəsində əvvəlcədən qeyd edildiyi kimi 28 deyil, 27 nəfər olub.
Belə ki, təlim uçuşunda iştirak etməli olan kursantlardan biri son anda uçuşa buraxılmayıb.
Bundan əlavə, ölənlərin sayı artaraq 25 nəfərə çatıb. Sağ qalan iki nəfər isə qəzadan əvvəl özlərini təyyarədən atmağa imkan tapıbmışlar.
00:43
Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı bəzi məlumatlar əldə edilib.
Xarkov qubernatoru tərəfindən qəza nəticəsində göyərtədə olan 28 nəfərdən 22-sinin öldüyü, iki nəfərin yaralandığı bildirilisə də, qalan dörd şəxsin taleyi müəmmalıdır.
Bildirilib ki, onlar təyyarə yerə çaxılmamışdan öncə tullanmağa macal tapıblar. Hazırda meşəlik ərazidə onların axtarışı davam etdirilir.
Qəzaya səbəb kimi təyyarənin motorlarından birinin xarab olması göstərilir.
00:02
Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
Rakus.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.
Məlumata görə, insident nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.
“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (bir nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, – deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.
23:30
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.
“Haber Global” xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 18 kursant və beş ekipaj üzvü olub.
Aviaqəza nəticəsində 20 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığı bildirilib.