ÜST: 250 milyondan çox insan virusa yoluxa bilər
Birləşmiş Ştatlar dünyada COVID 19-a ən çox yoluxma və ölüm hallarına görə birinci yerdə qalmaqda davam edir. ABŞ-da 1,5 milyon yoluxma və 89 min ölüm halının olduğu təsdiq edilib.
Rakus.az xəbər verir ki, Dünya boyu yoluxma və ölüm hallarının sayı isə artmaqda davam edir. Dünyada koronavirusa 4.6 milyondan çox yoluxma halı aşkar edilib, 312 mindən çox insan isə xəstəlik nəticəsində həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı öz modelinə əsasən, virusa dünya boyu 250 milyondan çox insanın yoluxa biləcəyini və Afrikada təcili tədbirlər görülməsə 150 min insanın ölə biləcəyi ilə bağlı xəbərdarlıq edib. BMJ Global Health jurnalında dərc edilmiş araşdırmada dünyanın Avropa və ABŞ kimi regionlarında yoluxma və ölüm halları səviyyəsinin daha aşağı olacağı proqnozlaşdırılır.
Şənbə günü açıqlanmış araşdırmaya əsasən, koronavirusa yoluxmalarda maliyyə statusu vacib faktorlardan biri hesab edilir. Oksford universitetinin apardığı tədqiqatda Britaniyanın ən yoxsul regionlarında COVID-19-a yoluxma ehtimalının daha zəngin yerlərdə yaşayanlarla müqayisədə dörd dəfə artıq olduğu göstərilir.
Araşdırmanın müəllifləri tədqiq etdikləri 3600 test nəticəsində məhrumiyyətlər, eləcə də yaş və qara ciyərin xroniki xəstəliklərinin COVID-19-a yoluxma ehtimalını artırdığını müəyyən ediblər.
Bu arada, Avropa ölkələrində karantin rejimi tədricən qaldırılır. İtaliya bu həftə karantin rejiminin qaldırılması ilə yanaşı, iyunun 3-dən etibarən turistlərin ölkəyə gəlişinə icazə veriləcəyini bildirib.
Yunanıstan hökuməti sosial məsafə tədbirlərinin ciddi gözlənilməsi ilə şənbə günü bir sıra ictimai çimərlikləri açıb. Hökumət restoran və barların mayın 25-dən etibarən açılmasının mümkünlüyünü nəzərdən keçirir.