“Varlı qadın” beynəlxalq teatr festivalında göstərildi - FOTO
Rusiya Federasiyasının Adıgey Respublikasının paytaxtı Maykop şəhərində “Qafqaz təbaşir dairəsi” adlı beynəlxalq teatr festivalı keçirilib.
Rakus.az xəbər verir ki, Şimali Osetiya Dövlət Akademik Teatrı aprelin 23-də start götürən festivala Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” komediyası ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Bir həftə davam edən festivalda 12 tamaşa nümayiş etdirilib. Şimali Osetiya teatrının aprelin 27-də təqdim etdiyi “Varlı qadın” komediyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, adını alman dramaturqu Bertolt Brextin eyniadlı əsərindən götürmüş “Qafqaz təbaşir dairəsi” festivalının məqsədi Qafqaz xalqlarının dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.
Artıq üçüncü dəfədir ki, “Varlı qadın” tamaşası beynəlxalq festivallarda xarici ölkə teatrları tərəfindən nümayiş etdirilir. Bundan əvvəl – 2008-ci ildə M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrı Almatı Beynəlxalq Teatr Festivalında, 2012-ci ildə isə A.Salavatov adına Kumık Dövlət Musiqili Dram Teatrı türkdilli teatrların bir araya gəldiyi məşhur “Tuqanlıq” festivalında “Varlı qadın”la çıxış edib. Hər iki teatr iki nominasiya üzrə əsas mükafatlara layiq görülüb.
Şimali Osetiya teatrının tamaşası bu il 20 yaşını qeyd edən “Varlı qadın”ın 20-ci premyerasıdır.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır