Vətən müharibəsində 6 mədəniyyət işçisi şəhid olub - FOTO
Vətən müharibəsində iştirak edən qəhrəmanlar arasında mədəniyyət işçiləri də olub.
Rakus.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumata görə, döyüşlərin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak edib.
Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 6 nəfər, Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalıb.
“Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar.
Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçisi döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönüb.
Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət diləyirik. Yaralı qazilərimizin tezliklə sağalmasını arzulayırıq”, – nazirlikdən bildirilib.