Vətən müharibəsinin ilk şəhidlərindən – 19 yaşlı MÜSLÜM VƏLİYEV - FOTO - VİDEO
Bakı. Rakus.az
Vətən müharibəsinin ilk şəhidlərindən biri olan Vəliyev Müslüm Vəliağa oğlu 03.07.2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində dünyaya göz açıb.
Orta təhsilini Bakı şəhəri, “Şimal DRES” qəsəbəsindəki A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada alıb. Yoldaşları arasında səmimiliyi, mehribançılığı ilə seçilib və hamı tərəfindən sevilib. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu olub. 15 yaşı olanda sənədlərini C. Naxçıvanski adına Hərbi Liseyə verib. Lakin burun çəpərinin əyriliyinə görə qəbul olunmayıb. 2019-cu ildə hərbi xidmətə ordu siralarina cağrılıb.
Əsgərin yaxınları deyir ki, o, Mingəçevirdə xidmət edib. Ordudan təxris olunmağına 3 ay qalmış sentyabrın 28-də Müslüm Vəliyev Tərtər rayonu ərazisində yerləşən Suqovuşan uğrunda gedən savaşda həyatını itirib.
Azərbaycan ordusunun 19 yaşlı əsgəri sentyabrın 29-da Şüvəlan qəsəbəsində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamı ilə əsgər Vəliyev Müslüm Vəliağa oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Siz heç vaxt unudulmayacaqsınız Vətən oğulları, Vətənin igid şəhidləri!
Allah rəhmət eləsin!
Başın sağ olsun Vətən!
Başın sağ olsun Şüvəlan!