Vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək – DİN
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.
Rakus.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.
Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.