Mədəni 08.02.2024 15:53

Xıdır Nəbi bayramı nədir?

Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el arasında geniş yayılmış mərasimlərindən biridir. Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xıdır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-dək olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi “su, külək və havanın himayəçisi” kimi təqdim edilir. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması barədə fikirlər müxtəlifdir. Kiçik çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və s. bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir.

Rakus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib.

“Naxçıvandan toplanılmış rəvayətlərdən birində deyilir ki, “Xıdır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayır, çinar ağacı da uzunömürlüdür.

Ümumiyyətlə, xalqda inam var ki, Xıdır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatıb. Buna görə də qışın “oğlan çağı”nda Xıdır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir”, – alim bildirib.

Onun sözlərinə görə, Azərbaycan folklorunda Xıdır, Xıdır baba və Xıdır Zində ilə bağlı inanclar çoxdur:

“Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə, bu ağacı Xıdır peyğəmbər ehsanlıq üçün əkib. Yaxud “Xıdır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzi-bərəkəti artar. Xalqın Xıdır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə çevrilib. “Xıdır İlyas haqqı”, “Xıdıra and olsun”, “Xıdır Zində babaya and olsun” və bu səpkili digər andlar xalqın bu obraza olan məhəbbət və inamından doğub. Bəzi alqışlar da məhz Xıdır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin”, “Xıdır köməyinə yetsin”, “Xıdır səni dardan qurtarsın”, “Xıdır səni yolda qoymasın”, “Xıdıra rast gələsən”, “Xıdır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”, “Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin” və s.

Xalq ədəbiyyatında Xıdırla bağlı əfsanə və rəvayətlər də geniş yayılıb. Əfsanələrin birində deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xıdır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Xıdır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xıdırı kim görsə, ondan nə istəsə, yerinə yetirər”. Eyni zamanda, “Xıdır İlyas” Xıdır adlı yaşıl geyimli müqəddəs ruhdur və hər adamın gözünə görünmür. Çətinə düşən yolçulara kömək edən ilahi qüvvə kimi, o, dastanlarımızda da təsvir olunub. Xıdır gah yaşıl rəngli, gah da boz atlı kimi təsvir edilir. Azərbaycanda Siyəzən rayonunda Xıdır Zində adlı pir də var. Dənizdən başlamış Xıdır Zində pirinə qədər bir sıra yerlərdə onun izləri indi də qorunur. Beşbarmaq dağında atının və özünün ayaq izlərinin olmasına inam var və bu yer də müqəddəs pir kimi yolçular tərəfindən xüsusi ehtiramla yad edilir”.

Folklorşünas alim qeyd edib ki, dünya ədəbiyyatında da Xıdırla bağlı əfsanə və rəvayətlər çoxdur. Xıdır peyğəmbər Orta Asiya müsəlmanları içərisində yaşıllığın hamisi kimi tanınır. Buxarinin bir hədisinə görə, Xıdır bir boş yerdə əyləşirdisə, ora sonra çəmənliyə dönürdü. Əbu Həyyan əl Əndəlusi (1256-1344) onun tarixi şəxsiyyət olduğunu, Ayni isə (1331-də vəfat edib) onun Musa peyğəmbər zamanında yaşadığını yazıb.

Ə.Vəliyev Naxçıvanda Xıdır Nəbi bayramına hər il xüsusi hazırlıq görüldüyünü qeyd edib: “Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovut hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) çəkilərək iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovut üçün qablara yığılır. Qovutu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə və ya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovut da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xıdır peyğəmbər gəlir, ona əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir. Evdə Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır.

Bayram günü ən çox uşaqlar sevinir. Hava qaralandan sonra onlar qapılara gedib torba atır və Xıdır payı istəyirlər. Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar”.

Alim bildirib ki, Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılıb. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi xonçasından əlavə, şirniyyat və meyvə xonçaları da pay aparılır.

Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas kimi adların qoyulması geniş yayılıb. Bu adların verildiyi uşaqların çətinlik çəkməyəcəyinə, darda qalmayacağına inanılır.

“Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə xəbərçi çərşənbə gəlir. Bu bayram həm də Novruza giriş rolunu oynayır. Daha sonra torpaq, od, su və ilaxır çərşənbələr gəlir və Novruz bayramı qeyd edilir. Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır.

Xıdır Nəbi mərasimini nəsildən-nəslə ötürmək üçün yaşadılması olduqca vacibdir. Bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. Ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən bu cür bayramların qorunması və tanıdılması hər bir vətəndaşın borcudur”, – Ə.Vəliyev fikrini yekunlaşdırıb.

XƏBƏR LENTİ
Mədəni / 08.02.2024 15:53
Xıdır Nəbi bayramı nədir?
Təhlil / 08.02.2024 14:20
İrəvanda azərbaycanlılar üçün evlər alınır – ANONS
Siyasi / 08.02.2024 13:25
“Frank Şvabe kimi əliqələmli səlibçilər Azərbaycana təsir göstərə bilməzlər” – BƏYANAT
Gündəm / 08.02.2024 03:05
Səslərin 93,3 faizi sayılıb: İlham Əliyev 92,05% səslə liderdir – MSK - VİDEO
Siyasi / 07.02.2024 21:52
Ölkə üzrə saat 19:00-a olan seçici fəallığı AÇIQLANIB
Siyasi / 07.02.2024 17:39
Ölkə üzrə saat 17:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm, Siyasi / 07.02.2024 17:02
“Rəy” “exit poll”un saat 16:00 üçün iştirak göstəricisini AÇIQLADI
Gündəm, Siyasi / 07.02.2024 15:36
Ölkə üzrə saat 15:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm / 07.02.2024 10:10
Prezident İlham Əliyev və ailə üzvləri Xankəndidə səs verdilər - FOTO - VİDEO
Siyasi / 07.02.2024 08:00
Prezident seçkisində səsvermə prosesi başlayıb
Siyasi / 07.02.2024 00:02
Azərbaycanda prezident seçkisi günüdür
Siyasi / 06.02.2024 20:31
“İrəvanın əsl tarixi yer altındadır” – ARAŞDIRMA - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 06.02.2024 18:40
“Ermənilər həmişə alət kimi istifadə olunub” – MÜSAHİBƏ - VİDEO
Siyasi, Təhlil / 06.02.2024 16:37
İranda ayrı-seçkilik – pozulan Konstitusiya – TƏHLİL - FOTO
Mətbuat / 06.02.2024 16:36
Qərbi Azərbaycan Departamentinin rəhbəri: “Erməni dilində gündəlik 4-5 süjet və 1 xəbər buraxılışı yayımlanır”
Maraqlı, Sosial / 06.02.2024 14:30
Ermənilərin İrəvan qəsdi – ANONS
Siyasi / 06.02.2024 13:48
“Ermənistan doğru yolu seçməlidir” – ANONS
Müsahibə / 05.02.2024 20:51
“Vətənsiz qalan insanın üzü heç vaxt gülməz” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 05.02.2024 16:01
Başqa ölkələrin ərazisində döyüşən ABŞ və İran – TƏHLİL
Maraqlı, Sosial / 03.02.2024 21:11
Gölkənd – qədim türk irsini yaşadan Qaraqoyunlu eli – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Səhiyyə, Video müsahibə / 02.02.2024 20:40
“Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - FOTO - VİDEO
Maraqlı, Səhiyyə / 02.02.2024 13:47
“Babamın mülkü Təpəbaşında idi” – Paşa Qəlbinurun “Həyat hekayəsi” – ANONS - VİDEO
Gündəm / 02.02.2024 00:03
Bu gün Azərbaycanda Gənclər Günüdür - VİDEO
Təhlil / 01.02.2024 20:25
Ermənistanda təşviş: Bakı seçkidən sonra tarixi ərazilərini tələb edəcək - VİDEO
Siyasi / 01.02.2024 14:08
Rəsmi Bakının planı Ermənistanda təşviş yaradır – ANONS - VİDEO
Mətbuat / 01.02.2024 13:44
Milli.Az-ın 14 yaşını qeyd edir