XİN: Xorvatiyalı nazirlə Qarabağ müzakirə olundu
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının Xarici və Avropa İşləri üzrə naziri Qordan Qrliç Radman ilə telefon danışığı baş tutub.
Rakus.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.
Nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Nazirlər, habelə ikitərəfli əməkdaşlıq münasibətlərini, eləcə də, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.