Yaponiya və CK-nın XİN rəhbərləri Çində görüşəcəklər
Yaponiyanın Xarici İşlər naziri Taro Kono Cənubi koreyalı həmkarı Kan Kyun-hvanı bu gün Çində keçiriləcək görüşü zamanı onun ölkəsinin müharibə dövründə məcburi əməklə bağlı mövqeyini təcili şəkildə izah etməyə çağıracaq.
Rakus.az xəbər verir ki, T.Kono Cənubi Koreya tərəfinin bu məsələ ilə bağlı əsaslı mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. T.Kono qeyd edib ki, o, Cənubi Koreya tərəfini Yaponiyanın beynəlxalq qanunların pozulması kimi qəbul etdiyi məsələdə öz mövqeyini tezliklə bildirməsinə çağıracaq.
Yaponiya hökumətinin mövqeyinə əsasən, kompensasiyalarla bağlı tələb 1965-ci ildə iki ölkə arasında ikitərəfli razılaşma imzalanarkən həll edilib.
Eyni zamanda, görüş vaxtı nazirlərin Yaponiyanın ixraca nəzarət məsələsini müzakirə edəcəkləri də gözlənilir. Həmin görüş Yaponiyanın Cənubi Koreyanı sadələşdirilmiş ixrac prosedurlarının aid edildiyi ölkələr sırasından çıxarmasından sonra Xarici İşlər nazirlərinin ilk danışıqları olacaq.