Yens Stoltenberqin mandatı 2022-ci ilədək uzadıldı
NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin mandatı 2022-ci il sentyabrın 30-dək uzadılıb.
Rakus.az xəbər verir ki, bu barədə Şimali Atlantika alyansının martın 28-də Brüsseldə yayılan bəyanatında bildirilir.
“NATO üzrə müttəfiqlər bu gün baş katib Yens Stoltenberqin mandatını daha iki il – 2022-ci il sentyabrın 30-dək uzatmaq barədə razılığa gəliblər”, – bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, müttəfiqlər baş katibin NATO-nun adaptasiyası və modernləşdirilməsi üzrə işinə dəstəklərini ifadə ediblər.
Yens Stoltenberq bu qərarı öz “Twitter” səhifəsində şərh edib: “NATO üzrə müttəfiqlərin mənim səlahiyyət müddətimi 2022-ci il sentyabrın 30-dək uzatmasını özümə şərəf bilirəm. Biz alyansımızın gələcəyə uyğunlaşdırılması üçün onun adaptasiyası və modernləşdirilməsini birlikdə davam etdirəcəyik”.
Xatırladaq ki, 60 yaşlı Stoltenberq NATO-ya 2014-cü ildən rəhbərlik edir.