Yol polisi xidmət yerindən kənarda xidmət apardı – AÇIQLAMA
Bakı şəhəri, Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar araşdırılıb.
Rakus.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoruElşad Hacıyev bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları “saxla” işarəsi veriblər. Sürücü yol polisinin qanuni tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.
Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub.
O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər. (report.az)