Zelinski ukraynalılara TƏŞƏKKÜR etdi
“Qələbə münasibətilə bütün komandamı təbrik edirəm. Mənə dəstək göstərən bütün ukraynalıları minnətdaram”.
Rakus.az xəbər verir ki, bu fikri “exit-poll”un açıqlamasından sonra keçirdiyi brifinqdə Vladimir Zelenski söyləyib.
O, seçicilərin etimadını doğruldacağını vəd edib: “Mən hələ rəsmi prezident deyiləm, bütün postsovet ölkəsinin vətəndaşlarına üzümü tutaraq deyə bilərəm ki, bizdə hər şey mümkündür”.
V.Zelenski keçirdiyi brifinqdə Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib: “Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”.
Xatırladaq ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb. Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.
Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.