Dünya 15.09.2020 18:26

15 Sentyabr – Azərbaycanın 117 illik işğaldan xilas günü – TƏHLİL

Bakının başı nələr çəkməyib? Tarixi bilinməyən bu müqəddəs şəhər nələri, kimləri görməyib? Ona uzanan əllər neçə dəfə qırılıb. Bütün istila və işğallardan bu şəhər həmişə üzü ağ çıxıb.

Sentyabrın 15-i Bakının bolşeviklərdən, daşnaklardan və başqa yadellilərdən azad edilməsinin 102-ci ildönümüdür. Bu həm də Azərbaycanın, Cənubi Qafqazın işğaldan azad edilməsinin başlanğıcı idi. Bakının azad edilməsi çar Rusiyasının 117 illik işğalından Azərbaycanın xilas olmasıdır.

Məlum olduğu kimi, çar I Aleksandr 1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Bu fərmanla Rusiya Cənubi Qafqazda həyata keçirəcəyi işğalçılıq siyasətinin mühüm istiqamətini də müəyyənləşdirmişdi. Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycanla müharibəyə başlamışdı. İlk hədəf kimi Car-Balakənin seçilməsi təsadüfi deyildi. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə sayılırdı. Yalnız Car-Balakəni işğal etdikdən sonra Rusiya Şərqi Gürcüstanda möhkəmlənə bilərdi. 1803-cü il martın 8-də Balakəni ələ keçirən rus qoşunları evləri yandırır, qarət və talançılıqla məşğul olur, dinc sakinlərə divan tuturdu. Həmin il aprelin 12-də Rusiya ilə Car-Balakən Camaatlığı arasında “Andlı öhdəlik” bağlandı. Bu anlaşmaya əsasən, Car-Balakən Rusiyanın tərkibinə daxil edilir, bölgə öz daxili muxtariyyətini saxlayır, çar xəzinəsinə ipəklə xərac ödəməyi öhdəliyə götürür, Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməyə razılıq verir, Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi.

Bununla Azərbaycanın işğalı başlamış, Rusiya bütövlükdə Qafqazda möhkəmlənmişdi. Həmin hadisədən 115 il sonra – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilə Rusiya işğalına qarşı yeni, daha böyük hədəflərlə mübarizə başladı. O zaman Azərbaycan yalınız Rusiya bolşeviklərinə qarşı deyil, erməni daşnaklarına, eserlərə, menşeviklərə, ingilis ağalığına qarşı da mübazirə aparırdı.

Belə bir ağır vəziyyətdə Osmanlı dövləti ilə AXC arasında 1918-ci il iyunun 4-də Batumda dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə Osmanlının Ədliyyə naziri Xəlil bəy və Şərq Orduları komandanı Vəhib paşa ilə Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və Xarici işlər naziri Məmmədhəsən bəy Hacınski imza atmışdı. M.Ə.Rəsulzadə bu müqaviləyə uyğun olaraq Qafqazdakı türk və müsəlman xalqlara qarşı qətliamın dayandırılması üçün Osmanlı Dövlətindən hərbi yardım istəyirdi.

Beləliklə, Osmanlı ordusu yenicə yaranmış Azərbaycan dövlətinin yardımına yetişdi. Cümhuriyyətin ilk paytaxtı Gəncə işğalçılardan azad edildikdən sonra qoşun Bakı istiqamətində hərəkətə keçdi.

Nəhayət, hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 1918-ci il sentyabrın 13-də diviziya komandanlıqlarına göndərdiyi əmrdə sentyabrın 14-ü gecə saat 02:00-da hücumun başlayacağını bildirdi. Qərargahdan “İrəli!” əmri verilincə birliklər gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01:00-da Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03:00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə nəzarət altına aldı.

İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini sürətlə ələ keçirməsi, Böyük Britaniya imperiyasının generalı Deustervili heyrətə gətirmişdi. Xatirələrində bunları belə qeyd edir: “İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyi bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı…”

Düzdür, 1920-ci il aprelin 28-də, ilk işğaldan 113 il sonra bolşevizm, kommunizm, sosializm ideyası adı altında Rusiya Azərbaycanı yenə işğal etdi. Ancaq Cümhuriyyətin olması və sentyabrın 15-i Azərbaycanın SSRİ tərkibində respublika olaraq qalmasında mühüm rol oynadı. İlk işğaldan 185 il sonra Azərbaycan xalqı yenə eyni düşmənə – erməni daşnaklarına, kommunist Rusiyasına qarşı mübarizə apardı. Bu həm də 15 sentyabr hadisələrinin davamı idi.

Ötən ikiəsrlik dövrdə Azərbaycan daha çox Rusiya imperiyasına qarşı mübarizə aparıb. Bu yolda Azərbaycan torpaq itkisi ilə üzləşib, 20 Yanvar faciəsi, Xocalı kimi soyqırımlara məruz qalıb. Azadlıq uğrunda mübarizədə, müstəqilliyi qoruyub saxlamaqda onun başlıca yardımçısı Osmanlı və Türkiyə olub. Sentyabrın 15-i Azərbaycana dostu və düşmənlərini tanıtdı. Onun dostları və düşmənləri indiyədək dəyişməyib. Bir sıra hallarda tarixi saxtalaşdıranlar düşmənləri dost, xilaskar adı ilə də azərbaycanlılara sırımağa çalışır.

Ancaq 102 il əvvəl Azərbaycan yolunu müəyyən edib. Sonra “xilaskar” kimi sırınanlar onu yolundan döndərməyə səy edib. Ancaq bu çürük ideya və yarımçıq yol tez dağıldığından sentyabrın 15-nə və onunla bağlı hadisələrə yenidən işıq düşdü.

Bu gün də Azərbaycanın çoxsaylı problemləri var. İndi işğaldan xilas olmuş Respublika mədəni ekspansiya ilə üz-üzədir. Bir cəmiyyətin işğaldan qurtulması həm də öz mədəniyyətini, onun əsasını təşkil edən dilini xilas etməsidir. Bu gün də Azərbaycan mədəniyyətinin əsasına yabanı ünsürlərin soxulması halları baş verir. Öz dilini, mədəniyyətini yabanılaşdıranlar Azərbaycan üçün yeni müstəmləkəçilik oyunları oynayırlar.

Son illər Azərbaycan və Türkiyə qoşunları tez-tez birgə hərbi təlimlər keçirirlər. Əsası 1918-ci ildə böyük Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan bu əməkdaşlıq ötən 29 ildə uğurla davam edir. Bir əsrdən çox müddət keçsə də, Osmanlının varisi Türkiyə Cümhuriyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının dost-düşməni dəyişməyib. Elə düşmən də Türkiyə və Azərbaycana qarşı pis niyyətlərini gerçəkləşdirmək üçün məqam gözləyir.

Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda da vurğulanıb: “İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir”.

Həmin hadisələr vaxtı Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-i ilə bağlı hadisələri yada salaraq Osmanlı dövründə olduğu kimi Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan bu günlə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda bildirib: “Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir”.

Azərbaycanla Türkiyə arasında imzalanan və gerçəkləşən müxtəlif layihərlərdən Avropa, Asiya və region dövlətləri faydalanır. Bu əməkdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi üçün də başlıca amildir.

Sentyabrın 15-i Azərbaycanın işğaldan xilas günüdür. Qurtuluşun, azadlığın mübarək, Azərbaycan!

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO