ÜST peyvənd təşəbbüsünə 172 ölkənin qoşulacağına ümid edir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) dünyanın 172 ölkəsi tərəfindən dəstəklənə bilər. Kütləvi istifadəyə yararlı peyvənd hazır olduqdan sonra ilk mühüm addım dünyanın ən yüksək riskli regionlarındakı insanları peyvəndlə təmin etməkdən ibarət olacaq.
Rakus.az xəbər verir ki, bu fikirləri ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib. O qeyd edib ki, bu təşəbbüs koronavirus peyvəndlərinə ədalətli çıxışı təmin etməlidir. Təşəbbüsün uğur qazanması üçün isə əlavə maliyyə vəsaitlərinə ehtiyac var və üzv ölkələr bir sıra öhdəliklər götürməlidir.
T.Qebreyesus, həmçinin bildirib ki, bu təşəbbüs çərçivəsində hazırlanacaq vaksin mümkün qədər aşağı qiymətə satılmalı və hamı üçün əlçatan olmalıdır. “Peyvənd millətçiliyi”ni tənqid edən ÜST-nin rəhbəri bu cür yanaşmanın yalnız virusun işinə yaraya biləcəyini vurğulayıb.
ÜST ölkələri bu təşəbbüsə qoşulmağa çağırmaqla ilk növbədə dünyanın yoxsul regionlarındakı insanların peyvəndlə təmin olunmasına çalışır.
Qeyd edilməlidir ki, artıq Romanın yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış “Lazzaro Spallanzani“ xəstəxanası koronavirus əleyhinə peyvənd maddəsinin insanlar üzərində sınağına başlayıb. Xəstəxana rəhbərliyi ilk könüllü şəxsə peyvənd vurulduğunu elan edib. Xəstəxananın həkimləri üç min könüllü arasından 90 nəfəri seçiblər və testlər uğurla başa çatacağı təqdirdə alman-italyan birgə istehsalı olan vaksinin kütləvi istehsalına başlanılacaq.