BMT-dən Azərbaycana təşəkkür etdi
BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.
Avqustun 31-də Ticani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib:
“Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir”.
Məhəmməd-Bande vurğulayıb: “Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”.
Rakus.az xəbər verir ki, BMT Baş Assambleyasının rəhbəri yuxarıdakı fikri dəqiqləşdirərək sessiyanın təşkilatçılarının həmin tədbirin yekunlarına əsasən qəbul ediləcək sənədin layihəsini artıq təqdim etdiklərini bildirib.
O daha sonra deyib: “İnanırıq ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya reaksiyası ilə bağlı hərəkətlərin nəticələrinə daha çox diqqət yetirmələrini təmin edəcək”.
Məhəmməd-Bande sonda vurğulayıb: “Bu sessiya koronavirus infeksiyasının yayılmasına, həmçinin onun insanların həyatına təsirinə reaksiya göstərən qlobal platforma kimi Baş Assambleyanın rolunu daha da möhkəmlədəcək”.
BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə dair xüsusi sessiyası rəsmən iyulun 10-da başlanıb, lakin ölkələrin onlayn iş rejimində bu sessiyanın keçirilməsi aspektləri barədə razılığa gəlmələri üçün müəyyən qədər vaxt lazım olub.
Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl əmin olduğunu bildirib ki, xüsusi sessiya “pandemiyaya qarşı mübarizədə dövlətlərin həmrəyliyinin möhkəmlənməsinə töhfə verəcək, bu qlobal təhdidə cavab axtarışı üzrə beynəlxalq əməkdaşlığı gücləndirəcək”.