Formula 1-in ikinci günü keçirildi - FOTO
Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb.
Rakus.az xəbər verir ki, əvvəlcə Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan Formula 2-nin birinci yarışı keçirilib. Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar. Maraqlı idman mübarizəsinin yekununda “Campos Racing” komandasının pilotu Cek Aitken qalib olub. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.
Qaliblərə mükafatları Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.
Aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Sonra Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü olub. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İştirakçılar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar. Yarışda “Ferrari” komandasının pilotları uğur qazanıblar. Belə ki, Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing”) tamamlayıb.
Daha sonra Formula 1 yarışlarının sıralanma turu təşkil olunub. Maraqlı məqamlarla yadda qalan yarışda “Mercedes” komandasının pilotları Valtteri Bottaş və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. V.Bottaş 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb. Sıralama turunun nəticələrinə əsasən, aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi aprelin 28-də keçiriləcək. Qran-Prinin sonuncu günündə saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotlarının avtoqraf sessiyaları olacaq. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış start götürəcək.
Bundan sonra ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi və pilotların paradı təşkil olunacaq.
Dövlət himninin səsləndirilməsindən sonra – saat 16:10-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 51 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.
Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına unudulmaz anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq.
Qeyd edək ki, ötən üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri Bottaş liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar. Cari çempionatın geridə qalan üç mərhələsində, eləcə də bugünkü sıralama yürüşündə “Mercedes” komandasının pilotlarının inamlı çıxışı onların Bakıdakı yarışda da uğurla çıxış edəcəkləri ehtimalını gücləndirir.
Üç Qran-Prinin yekununda Konstruktorların yarışında “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.
Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.
Xatırladaq ki, 1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub. Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə təşkil olunan birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mersedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb. (AZƏRTAC )