Səhiyyə Nazirliyi dezinfeksiya ilə bağlı AÇIQLAMA yaydı
Pandemiyanın başlamasından keçən səkkiz aydan artıq bir müddətdə COVID-19 aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidməti tərəfindən xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərə öz töhfələrini verməkdədir.
Rakus.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.
O bildirib ki, xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Koronavirus infeksiyası yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi də artır. Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunmasının ən vacib fəaliyyət istiqamətlərindən biridir:
“Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.
Vaqif Abdullayev hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.