Beynəlxaq təşkilatların hesabatı: Ermənistana sanksiya tətbiq ediləcəkmi? – TƏHLİL - FOTO
Oktyabrın 27-də Ermənistan Bərdə şəhərini raket atəşinə tutub. Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin hadisə ilə bağlı açıqlamda bildirilib: “2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bundan başqa, təcavüzkar erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb”.
Məlum olub ki, Ermənistan dinc sakinlərə qarşı “Smerç” tipli raketlərdən istifadə edib.
Beynəlxalq humanitar hüquqa əsasən kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi qadağandır.
Hadisədən sonra prezidentin köməkçisi Hikmət Hacıyev “Human Right Watch” və “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatalara müraciət edib: “Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: ölənlərin sayı 20-yə yaxınlaşır. Onların hamısı günahsız dinc sakinlər idi. “Smerç” kaset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”.
Hadisə yerinə səfər edən “Amnesty International” əməkdaşları Bərdə şəhərinə raket hücumu zamanı kaset bombalardan hücumunu təsdiqləyib.
Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib. “Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər.
“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters isə bildirib ki, yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir.
“Human Right Watch” hadisə ilə bağlı hesabatında vurğulanıb:
“Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır”.
Hesabatda bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub. Təşkilatın mütəxəssisi Belkis Ville bildirib:
“Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”.
Ermənistan indiyədək Azərbaycanda törətdiyi cinayətlərə görə cəzalandırılmayıb. Xocalı soyqırımına beynəlxaq ictimaiyyəti hələ də sükutla yanaşır.
Ermənistanın Gəncəyə iki dəfə edilən raket hücuma da dünyanın aparıcı dövlətləri münasibət bildirməyib. Tərtərdə ermənilərin dinc sakinlərə edilən hücum nəticəsində ölən sakinin dəfnini atəşə tutması nəticəsində yeni qurbanların omasını da sükutla qarşılayblar.
Atəşkəs, danışıqlaar və “kompromis” kimi məntiqsiz təkliflərlə çıxış edən ATƏT-in Minsk qrupu, onun həmsədrləri, Avropa İttifaqının Parlamenti və başqa qurumlar Ermənistanın Azərbaycanda döyüş bölgəsindən uzaqda yerləşən ərazilərdəki dinc sakinlərə hücumları birmənalı olaraq pisləməyib.
İndiyədək Ermənistan Azərbaycanda törətdiyi cinayətlərə, işğala görə beynəlxalq ictimaiyyət, dünyanın aparıcı gücləri tərəfindən cəzalandırılmayıb. Bu ölkəyə qarşı sanksiya tətbiq olunmayıb. Yuxarıda adlarını çəkdiyimiz nüfuzlu beynəlxalaq təşkilatların hesabatları Ermənistanın cəzalandırılacağını ehtimal etməyə əsas verir. Hər halda yerləşdikləri ölkələr bu təşkilatların nüfuzuna xələl gəlməməsində maraqlıdır.
Sədrəddin Soltan – “Report”