“Qaqaş”ın dəstəsi həbs olundu - FOTO
Binəqədi rayonu ərazisində cari ilin yanvar-mart ayları ərzində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.
Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib. Qeyd edək ki, dəstə üzvləri mənzillərdən əsasən kombi aparatları, televizorlar, xalçalar, müxtəlif məişət əşyaları, hətta bir neçə evin pəncərisini belə sökərək oğurlayıblar. Həmin əşyalar Valeh Əsədullayevin Binəqədi qəsəbəsində yerləşən obyektinə gətirilərək orada gizlədilib. Obyektə baxış zamanı oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Onların yaşadıqları evlərdən oğurluqlara gedən zaman istifadə etdikləri maskalar, papaqlar, həmçinin mənzilə daxil olan zaman istifadə etdikləri alətlər də aşkar edilib.
İstintaq zamanı həmçinin dəstə üzvlərinin başqa bir şəxsə məxsus yük avtomobilini qaçırdıqları və bağ evlərindən oğurladıqları əşyaları həmin nəqliyyat vasitəsilə daşıdıqları da müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.