SOCAR İsveçrədə 20 sürətli yükləmə məntəqəsi tikəcək
SOCAR 2023-cü ilədək İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa edəcək.
Rakus.az xəbər veriri ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabatda qeyd edilir ki, “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.
SOCAR 6 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksəkkeyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub.
SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 200 yanacaqdoldurma məntəqəsindən (YDM) ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qazdoldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri “SOCAR” brendi ilə fəaliyyətini davam etdirməkdədir. 2019-cu ildə 4 YDM fəaliyyətə başlayıb.
“SOCAR Energy Switzerland” şirkəti tərəfindən 2019-2023-cü illərdə İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsinin tikintisi planlaşdırılır.