Sabiq icra başçısının və müavininin məhkəməsi başlayır
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Rakus.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.
DTX-nin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarına baxış keçirilən zaman müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.