Trampın Müller QORXUSU davam edir
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat haqda Konqresdə ifadə verməməlidir.
Rakus.az xəbər verir ki, D.Tramp “Twitter” sosial şəbəkəsində yazıb: “Konqresdəki demokratlar Müllerin hesabatını “yenidən düzəltmək” istəyirlər. Xüsusi prokurorun təhqiqatı ilə bağlı açıqlanmış hesabatda prezidentin təhqiqata müdaxiləsinin ədalətin qarşısını almaq cəhdi olub-olmadığı haqda nəticə çıxarılmayıb. Bob Müller idafə verməməlidir. Demokratlar üçün “yenidən düzəltmə” olmayacaq!”
Xüsusi prokuror Müllerin hesabatında Rusiyanın Trampın 2016-cı il prezident seçkilərində qələbəsinə kömək üçün səyləri sənədləşdirilib. Lakin hesabatda Trampın və onun kampaniyasının Moskva ilə cinayət əlaqəsində olmadığı haqda nəticə çıxarılıb.
Respublikaçı prezident təhqiqatı dəfələrlə ciddi tənqidlərə məruz qoyaraq, bunu “ifritə ovu” adlandırıb. Müllerin hesabatının açıqlanmasından sonra Tramp oradakı nəticələri qələbə kimi xarakterizə edib.
Demokratların nəzarətində olan Konqresin Ədliyyə komitəsi Müllerin ifadə verməsi üçün mayın 15-i dinləmələrin təşkilinə hazır görünür.
Müllerin təhqiqatı prezident Donald Trampın hakimiyyətdə olduğu iki il müddətində Amerikanın siyasi həyatında ən dominant mövzulardan biri olaraq qalırdı. Təhqiqatın gedişində Rusiya hökuməti ilə əlaqələri olan insanlar və Trampın kampaniyasına cəlb olunan şəxslər arasında bir çox əlaqələr sənədləşdirilsə də, xüsusi prokuror Müller bunların “cinayət ittihamlarının dəstəklənməsi üçün kifayət olmadığı” haqda nəticə çıxarıb.
Demokratlar Müllerin hesabatının açıqlanmasından sonra Konqresdə təhqiqatı davam etdirmək əzmində olduqlarını bildiriblər.