Dünya 24.04.2021 21:00

Qondarma iddialar və həqiqət arasında – Bayden ABŞ-a zərbə vurmamalıdır – TƏHLİL

Ya dünyanın aparıcı dövlətləri ermənilərin nazı ilə oynayır, ya da onları oynadırlar. Bu baxımdan hər il aprelin 24-ü ərəfəsində ermənilər 1915-ci ilin qarışıq dövrü ilə bağlı saxta məlumatlar yayır, böyük dövlətlərin başçılarının ağzını güdürlər.

Deməli, ABŞ-da prezident seçkisi qabağı kampaniya zamanı namizədlərin verdikləri vədlər sırasında “erməni soyqırımı” ilə bağlı məsələyə yer ayrılır. Birləşmiş Ştatların hazırkı prezidenti Cozef Bayden də sələfləri kimi ermənilərin bu məsələdə istəklərini təmin edəcəyinə boyun olub. Ondan əvvəlki prezidentlər Barak Obama və Donald Tramp da oxşar vədlər vermişdi. Ancaq onlar erməni saxtakarlığına şərik olmadı və tarixin təhrif edilməsini dəstəkləmədi. Barak Obama həmin hadisələrə münasibət bildirərkən demişdi: “Osmanlı imperiyası zamanı erməni xalqı deportasiya olunub, qətlə yetirilib. Dəhşətli qırğın olub”. Donald Tramp da ermənilərin gözləntilərinin əksinə olaraq 106 il əvvəlki hadisələri “soyqırımı” deyil, “böyük fəlakət” adlandırmışdı. Ehtimal edilir ki, ABŞ prezidenti Cozef Bayden də bu il aprelin 24-ü ilə bağlı müraciətində “erməni soyqırımı” ifadəsini işlədəcək. Qeyd edək ki, o, siyasi fəaliyyətində ermənisevərliyi ilə də seçilir. Bu isə Ağ evin indiki sahibinin beynəlxalq münaqişələrlə bağlı heç də obyektiv qərar çıxarmamasından xəbər verir.

Bu arada Azərbaycan ictimaiyyəti üçün Qarabağ ətrafında məsələ başqalarının obyektivliyinin yoxlanılması üçün lakmusdur. 1992-ci ildə baş verənlər Baydenin ədalətsiz olduğunu sübut edib. O, senator olduğu dövrdə Azərbaycana qarşı bir sıra addımlar atıb. Cozef Bayden 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş”in qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxıb. Baydenin erməni sevgisi komandasının tərkibində də özünü göstərir. Onun administrasiyasında da iki erməni mənşəli şəxs çalışır. İqlim Araşdırmaları Agentliyinin rəhbərinin xüsusi köməkçisi Ceff Marutyan və Ağ evin Regional kommunikasiya bölməsinin başçısı Hayk Hacinazaryan təyin edilib.

Yeri gəlmişkən, Cozef Bayden “soyqırımı” ifadəsini işlədərsə, deməli, beynəlxalq hüquq normalarını pozmuş olacaq. Çünki 106 ilki hadisəyə qərəzli yanaşmaq siyasi təzyiq alətidir. Uzun illərdir erməni iddiasından Türkiyəyə qarşı istifadə olunur. ABŞ prezidenti məsələyə ermənilərin mövqeyindən yanaşarsa, bu, 78 yaşlı dövlət başçısının saxtakarlığı dəstəkləməsi, ədalətsizliyinin göstəricisi olacaq. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ermənilərin və sponsorlarının Azərbaycana və Türkiyəyə qarşı çıxışları ara vermir. Odur ki, Baydenin erməniləri qane edəcək ifadə işlətməsi həmin kampaniyanın tərkib hissəsi sayılar. O zaman belə qənaətə gəlmək olar ki, Birinci Dünya müharibəsində Osmanlının məğlub etdiyi qüvvələr bu gün onun hayfını çıxmaq üçün Türkiyəyə saxta erməni iddiası ilə təzyiq edirlər. Hadisələrə ayıq başla baxanlar bildirir ki, həmn hadisələr ilk növbədə tarixçilər tərəfindən araşdırılmalıdır. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı çıxışlarında dəfələrlə xatırladıb ki, həmin dövrün arxiv materiallarını mütəxəssislər üçün təqdim edə bilərlər. Yəni həmin hadisələr tarixlə bağlıdır və onunla tarixçilər məşğul olmalıdırlar. “Soyqırımı” ifadəsinin işlənib-işlənməməsi ondan sonrakı mərhələdir.

1982-ci il aprelin 22-də ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan yəhudilərə müraciətində “erməni soyqırımı” və “Holokost” arasında paralel aparıb. Bu da həmin vaxt Ağ evdə işləyən ermənilərin təşəbbüsü ilə edilmişdi. Onda Ken Xaçikyan adlı erməni Ağ evdə Reyqanın katibliyində işləyirmiş. O, ABŞ-ın 40-cı prezidentinin çıxışlarının çoxunu yazırmış. Həmin tarixdə Reyqan ona Holokostla bağlı mətn yazmağı tapşırıb. Xaçikyan da fürsətdən istifadə edərək artist prezidentin məruzəsinə “erməni soyqırımı” ifadəsini də yerləşdirib. O, miqyasına görə Holokosta oxşar soyqırımlardan bəhs edərkən mənsub olduğu etnik qrupun iddiasını da xatırladıb. İndi ermənilər bunu özlərinə mənbə, istinad sayaraq həmin çıxışı ABŞ prezidentinin saxta tarixi tanıması kimi qələmə verməyə çalışırlar.

Hər halda Cozef Bayden də erməni avantürasına uyaraq saxtakarlığı müdafiə edərsə, bu, təkcə Türkiyəyə qarşı edilən hörmətsizlik deyil, həm də Azərbaycana qarşı atılan addım, ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə haqq qazandırmaq anlamına gələcək. Ermənilər Azərbaycanın bu bölgəsini işğal etdikləri zaman etnik təmizləmə aparıb yerli sakinləri soyqırıma məruz qoyub, tarixi abidələri dağıdıblar. Xocalı, Meşəli, Qaradağlı, Bağanıs Ayrım, Meşəli, Kərkicahan, Ağdaban və başqa yaşayış bölgələrində dinc sakinlər soyqırıma məruz qalıblar. Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion və s. işğal olunmuş ərazilərdə qalmışdı. Ermənistan ərazini yerli sakinlərdən təmizlədikləri kimi, həmin tarixi abidələri də Qarabağdan daşımış, ya da məhv etmişlər.

Bu günlərdə BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən təmsil etdiyi qurumun mövqeyi haqqında deyib: “Soyqırımı faktını ilk məhkəmə müəyyənləşdirməlidir”. Qeyd edək ki, 1948-ci il dekabrın 9-da BMT Baş Assambleyası Parisdə “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı qəbul edib. Bu Konvensiya 1951-ci il yanvarın 12-də qüvvəyə minib. Soyqırımın tərifinə əsasən, Osmanlı dövlətindəki hadisə soyqırımı deyil. Çünki onda silahlı ermənilər dövlətə qarşı çıxış ediblər. Dövlət isə onların qiyamının qarşısını alıb. Ancaq 1918-ci ilin martında Azərbaycanın bütün bölgələrində, o cümlədən son 30 ildə Qarabağda ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər soyqırımıdır. Bundan başqa, həmin sənədə uyğun olaraq ABŞ və Fransanın Afrikada törətdikləri cinayətlər də soyqırımıdır.

Nəhayət, Cozef Bayden erməni saxtakarlığını dilə gətirərsə, münaşiqələrin həllində ABŞ-ın beynəlxalq vasitəçilik missiyasına inam olmayacaq. Ağ ev bununla Türkiyə və Azərbaycanla strateji tərəfkeşliyinə zərbə vurar. Bayden tarixi saxtakarlaşdıranları müdafiə edərək bu addımı atarsa, bölgədə yeni münasibətlərin yaranmasına təkan verər. Odur ki, Ağ evin indiki sahibi ədalətdən imtahan verəcək. Bu sınaqdan alacağı qiymət ABŞ-ın ədalət göstəricisi olacaq.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO